Günəşdə partlayış olanda Yer kürəsində ölümlərin sayı artır – RƏSƏDXANADAN REPORTAJ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında səma aydın olduğu müddətdə hər gün müşahidə prosesi aparılır. Astronomlar rəsədxanada keçmişdən gələn işığı öyrənirlər, milyon il bundan qabaqkı işığı öyrənə-öyrənə gələcəyin elmini qururlar. 
Yer kürəsində azot gübrəsini ilk dəfə astronomlar tapıb. Almazların qrafitdən əmələgəlməsi prosesini də metereoritin yerə düşməsi nəticəsində astronomlar öyrəniblər.

“Report”un əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında olub. Elm ocağından hazırlanan reportajı təqdim edirik.

Biz Şamaxı Astrofizika Rəsədxanasına çatanda axşam idi. Öyrəndik ki, hava aydın olduğu üçün 2 metrlik teleskopda səma cismlərinin müşahidəsinə hazırlıq prosesi gedir. Rəsədxananın 5 km uzaqlığına qədər heç bir yaşayış yeri və obyektin olmaması səbəbindən səmanın möhtəşəm görüntüsü adamı heyran edirdi. Ulduzlar, bürclər, planetlər və süd yolu sanki toxuna biləcəyin qədər yaxın idi.
Qeyd edək ki, 2 metrlik teleskopun güzgüsünün çəkisi 3.5, özünün çəkisi 85, hərəkət edən gümbəzinin çəkisi 200 tondur, turbanın uzunluğu, foks məsafəsi isə 9 metrdir. Bu teleskop rəsədxanaya 1964-cü ildə gətirilib.