Bu gün Kataloniya parlamentində regionun İspaniyadan ayrılaraq, müstəqillik elan edilməsi barədə Bəyannamə müzakirə olunub.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya parlamentinin səbri Karme Forkadel bildirib. Kataloniya parlamenti səs çoxluğu ilə müstəqilik haqqında Bəyannaməni qəbul edib.
Rəsmi Madrid qərara hələlik münasibət bildirməyib.
Qeyd edək ki, İspaniya baş naziri Mariano Rajoy səsvermədən əvvəl İspaniya senatından Madrid Karles Puçdemonu vəzifəsindən uzaqlaşdırmaq üçün səlahiyyət verilməsini istəmişdi.
Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya Muxtar Vilayətində bölgənin müstəqilliyi haqqında qalmaqallı referendum keçirilib və səsverməyə qatılanların əksəriyyəti müstəqilliyin tərəfdarı olduğunu bəyan edib.
İspaniya Nazirlər Kabinetinin oktyabrın 21-də keçirilən təcili iclasında Kataloniya ilə bağlı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq qərara alınıb. Bu maddə Kataloniyanın muxtariyyət statusunun ləğvini nəzərdə tutur.