Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə qurumun rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, xalq şairi Sabir Rüstəmxanlı, professor Alxan Məmmədov, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi Gültəkin Nəcəfli və başqaları iştirak ediblər.
Tədbirdə Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılıq yoluna nəzər salınıb,  bildirilib ki, yazıçının yaradıcılığının ana xəttini Azərbaycanın istiqlaliyyəti, milli dövlət quruculuğu, millətin oyanışı və tərəqqisi, tariximizin və mədəni irsimizin düzgün tədqiqi və dərki problemləri təşkil edib. Onun qələmindən çıxmış ictimai-siyasi, tarixi məzmunlu əsərlər siyasi düşüncə tariximizin sanballı səhifələrindən sayılır.
Y.V.Çəmənzəminlinin nəvələri – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rus dili kafedrasının müdiri, dosent Leyla Vəzirova və yazıçı-publisist Yusif Vəzirov çıxış edərək öz xatirələrini bölüşüblər və tədbirin təşkilatçılarına ailə adından təşəkkürlərini bildiriblər.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında Y.V.Çəmənzəminlinin roman və hekayələri əsasında hazırlanmış bədii qiraət təqdim olunub, musiqi nömrələri səsləndirilib, Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığını əks etdirən video-çarx və kitab sərgisi də nümayiş olunub.