“Bolşaya opera 2017”nin beşinci mövsümündə Azərbaycan da təmsil olunacaq

Rusiyanın “Rossiya Kultura” telekanalında “Bolşaya opera 2017” layihəsinin beşinci mövsümünə start veriləcək. Layihədə Rusiya, Azərbaycan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Belarusdan 10 vokalçı iştirak edəcək.

Astarainfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, layihədə ölkəmizi gənc vokalçı İlham Nəzərov təmsil edəcək.

İştirakçıları doqquz müsabiqə turu gözləyir. Bütün əsərlər orijinal dildə əzbər ifa olunacaq. İştirakçıları simfonik orkestr müşayiət edəcək. “Bolşaya opera 2017″nin qalibini layihənin İtaliya, Böyük Britaniya, Almaniya və Rusiyadan olan münsiflər heyəti müəyyənləşdirəcək.

Qeyd edək ki, opera müğənnilərinin yeganə peşəkar televiziya müsabiqəsi olan “Bolşaya opera” 2011-ci ildə yaranıb və tamaşaçı məhəbbətini qazanıb.