Naftalan şəhərində ənşəyi məlum olmayan 63 kq at əti aşkar edilərək götürülüb.
Astarainfo.az Trend-ə istinadən məlumata görə, Naftalanda bir nəfərin həyətində mənşəyi məlum olmayan ət satışı ilə məşğul olması barədə ŞPŞ-yə məlumat daxil olub. Bir müddət həmin ərazidə müşahidə aparılarkən məlumat təsdiqini tapıb.
Oktyabrın 27-də polis əməkdaşları tərəfindən Goran sanatoriyası adlı massivdə yaşayan İman Əsgərovun fərdi yaşayış evinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 63 kiloqram at əti aşkar edilərək götürülüb. İ.Əsgərov həmin ət məsullunu Bərdə rayonunda tanımadığı şəxsdən aldığını bildirib.
Araşdırmalarla müəyyən edilib ki, o, at ətini qoca inək əti adı ilə həyətində istehlakçılara satırmış. O, alıcıların bunu bilməmələri üçün hətta piştaxtanın yanında kəsilmiş inək başı da saxlayırmış.
Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətininin laboratoriyasına təhvil verilib. Müayinənin nəticəsindən asılı olaraq Naftalan ŞPŞ tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.