Qazaxıstanın “Nur-Otan” iqtidar partiyasının üzvü, siyasi elmlər doktoru Karlıqaş Nuqmanova Bakı Şopinq Festivalının təşkilini çox möhtəşəm ideya adlandırıb.
Onun sözlərinə görə, bu cür festivalların keçirilməsi ölkənin turizm imkanlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir: “Azərbaycan turistlərin ölkəyə cəlbi üçün düzgün strategiya seçib. Düşünürəm ki, Bakıda keçirilən şopinq festivalı İstanbul və Milan şopinq festivalları kimi şöhrət qazanacaq”.
Xanım K.Nuqmanova festival çərçivəsində Qazaxıstan sakinləri üçün nəzərdə tutulan güzəştli turlardan da söz açıb.
Bildirib ki, qazaxıstanlı turistlər üçün bu cür turların təşkili ölkəyə turistlərin cəlbinə səbəb olacaq, həmçinin Qazaxıstan sakinləri onlar üçün yaradılan bu fürsətdən istifadə edəcəklər.
Qeyd edək ki, AZAL və Azərbaycan Konqreslər Birliyinin birgə təşkilatçılığı ilə 10 şəhərdən Azərbaycana sərfəli turlar təşkil olunur. Qazaxıstandan təşkil olunan tur-paketə Aktau-Bakı istiqamətində birbaşa uçuş bileti, transfer, iki nəfər üçün nəzərdə tutulan otaqda gecələmə, səhər yeməyi və festival iştirakçısı olan mağazalara şopinq turları və restoranlara turlar daxil edilib.