İsmayıllıda yanğın xeyli mal-qara tələfatına səbəb oldu

İsmayıllıda fermada 12 baş inək və qoyun, 23 ton arpa və 1500 ədəd ot bağlaması yanaraq tələf olub

İsmayıllı rayonunda heyvandarlıq təsərrüfatında böyük yanğın hadisəsi baş verib, mal-qara arasında kütləvi tələfat baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında rayonun Zərnava kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən və ümumi sahəsi 3500 kvadratmetr olan mal-qara fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ferma tamamilə yanaraq yarasız hala düşüb.

Hadisə zamanı Zərnava kənd sakinləri Kamal Allahverdiyev, Ötər Budiyev və Ağdam rayonundan olan məcburi köçkün Vaqif Məmmədova məxsus 7 ədəd iri buynuzlu və 5 baş xırda buynuzlu heyvan, 23 ton arpa və 1500 ədəd ot bağlaması yanaraq tələf olub. Yanğınsöndürənlər alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar. Hazırda yanğının tam söndürülməsi üçün işlər davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.