Azərbaycan prezidenti: “Rusiya ilə əlaqələrimiz strateji xarakterə malikdir” – YENİLƏNİB

Bu gün Tehranda Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdən öncə Putin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xarakterli əlaqələr mövcuddur. İkitərəfli əlaqələrin inkişafına yönələn səylərin hədər getmədiyini deyən Rusiya prezidenti bildirib ki, 2017-ci ilin ilk 9 ayında ticarət dövriyyəsinin həcmi 62 faiz artıb. “Biz digər istiqamətlər üzrə də işləyirik, daim regional problemlərlə bağlı məsləhətləşirik”, – deyə o vurğulayıb.
Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, bu cür görüşlər həmişə yaxşı nəticələrə gətirib çıxarır: “Biz əlaqələrin inkişafına yeni impuls veririk. Çox sevinirik ki, ticarət dövriyyəsinin həcmi artır. Bu, iki ölkənin biznes strukturlarının böyük qarşılıqlı maraqlarının göstəricisidir. Rusiya ilə əlaqələrimiz strateji xarakterə malikdir. Humanitar, iqtisadi, enerji, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Ona görə də bu, dostların, qonşuların və yaxın tərəfdaşların hərtərəfli münasibətləridir”.
İ. Əliyev onu da qeyd edib ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli sammiti qlobal miqyaslı tarixi hadisədir.