Azərbaycan- ana torpaq! Ölkəmiz Asiya qitəsi ilə Avropa qitəsinin qovşağında yerləşir. Odlar yurdu özünəməxsus təbiəti ilə dünya xəritəsində xüsusi yer tutur. Cənnətməkan diyarımızın bir ucunda qar yağıb şaxta düşəndə o biri başında ana torpaq günəşin şəfəqlərindən alovlanır. Azərbaycanımızın hər bölgəsinin öz gözəlliyi öz mənzərəsi vardır. Əlverişli coğrafi mövqeyə və zəngin təbii şəraitə malik olan Azərbaycan deyəndə ölməz şairimiz Səməd Vurğunun poetik fikirləri bir daha yada düşür.
Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin,
Aranın, yaylağın sənin.
Qafqaz dünyada tayı-bərabəri olmayan ekosistemdir. Azərbaycan isə bu ekosistemin böyük parçasıdırsa, füsunkar qollarından biri də qədim Astaradır.
Xəzərində ay batmaz,
Dalğa daşı oyatmaz,
Astaranı bir görən,
Unu heç vaxt unutmaz,
Özbək şairinin doğma Astaramızla bağlı duyğuları adamı bu cənnət diyarını görməyə səsləyir. Gün doğanda bəzən asta, bəzən hirsli ləpələri ilə adəm övladını düşüncələrə daldıran, ruhunu oxşayan mavi Xəzər, gün batanda əfsanəvi Talış dağları, yaşılbaş meşələr, möcüzəli bulaqlar adamı heyran edir. Bu cənnət bağı haqqında bioloq, coğrafiyaşünas olmaq o qədər də vacib deyil. Amma hər kəs dərin məna kəsb edən fikri söyləyə bilər.
Subtropik zona kimi Astara Azərbaycanın son nöqtəsidir. Flora və Faunası ilə zəngin, möhtəşəm olan Astaranın relyefi qərbdə dağlıq, şərqdə düzənlikdir. Məhsuldar, əlverişli təbii şəraitli Astarada sarı torpaqlar mövcuddur. Məhsuldarlığı yüksək olan bu torpaqda sitrusçuluq, çayçılıq, meyvəçilik, tərəvəzçilik kimi kənd təsərrüfatı sahələri inkişaf etdirilir.
Astara rütubətli iqlimili olduğundan (illik yağıntı 1600-1800 mm olur) çəltikçilik də təsərrüfatçılıq üçün önəmlidir. Çox qədimlərdə ulularımızın əkib-becərdiyi düyü növləri yenə də münbit torpağımızda bərqərar olunur. Bu zəngin torpaq həm əcnəbi həm də Azərbaycanlı botanik alimlərinin həmişə marağına səbəb olmuşdur.
Azərbaycan az meşəli ölkə olsa da bölgəmizdəki Talış meşələrinə xas olan nadir incilər “Qırmızı kitaba” düşməklə dünyada tanınır. Meşələrdəki zərif ağacların sükutu Xəzərin oynaq ləpələri burada insanın əhvalını oxşayır, sakitləşdirici təsir bağışlayır. Talış diyarı botanik, bioloq, coğrafiyaşunas üçün heç vaxt köhnəlməyən sanki bir laboratoriyadır.
Təbiəti anlayan –anlamayan da üç iri landşaft bölgüsünü, həmişəyaşıl ovalıq ərazini, il boyu dondan dona girən sıx meşəli dar yamacları və insan səhhəti üçün olduqca əlverişli olan dağ çöllərini ayırd edə bilər.
Astara yeganə təbiət guşəsidir ki, dördüncü buzlaşmaya məruz qalmamış, subtropik qurşağa xas olan flora və faunasını saxlaya bilmişdir. Bu diyar sanki təbii muzeydir, onun mənzərəsi rəssam, bəstəkar və hər hansı bir yaradıcı insan üçün əsl ilham mənbəyidir.
Tarix boyu baş vermiş daşqınlar, buzlaşmalar iqlim tərəddüdləri, talış meşələrinə azca təsir göstərsə də tamamilə məhv edə bilməmişdir.
Talış diyarı dəmirağacı, uzunömürlu azat (nil), şabalıdyarpaq palıd, ipək akassiyası, ağappaq qovaq, xırda yarpaqlı yemişan, söyüd, cökə, şümşad ağacları ilə yanaşı dərman xassəli itburnu, qaragilə, böyürtkən, aloe bitkilərinin mənbəyidir.
Meşə zolaqları və ağaclar torpağın küləkdən sovrulmasının qarşısını alır, torpağa hopan yağış və qar sularının uzun müddət orada qalmasına kömək edir, quruducu və şiddətli küləklərin təsirini zəiflədir. Mütəxəssislərin fikrinə istinadən bir hektar enliyarpaq ağaclardan ibarət meşə zolağı yay müddətində 2500 tona qədər su buxarlandırır. Bu isə hava rütubətinin artmasına və quraqlığın əkinə verəcəyi zərərin azalması deməkdir.
Meşələr yamaclardan suyun sürətlə axmasının, torpağın yuyulub aparılmasının qarşısını alır . Məhz ona görə də Azərbaycanda talış meşələri torpağı, suyu qurumuş meşələrdən sayılır. Hələ yarım əsr əvvəl Azərbaycan botanikləri Amerikalı botaniklərlə birgə meşələrimizdə faydalı dərman bitkilərinin kolleksiyasını toplanılmışlar.
Astarada su ehtiyatı çox zəngindir. Sıx çay şəbəkəsi, mineral bulaqlar, vulkan mənşəlli müalicəvi əhəmiyyətli “İstisu”, yanar bulaqları (kükürdlü su) ilə məşhurdur. Talış meşələri geneloji eradan qalmış bitki örtük və növlərinə görə relikt adlanır. Budaqlarında bir neçə gövdə əmələ gətirən kökü geniş yayılmış dəmirağacı canlı sübutdur. Ağacın budaqları bir-birinə toxunduqda bitişir və qeyri adi mənzərə görünür. Ağac külli miqdarda toxum verir. Oduncaq kimi çox isidici təsirə malikdir. Çürüməyə qarşı davamlıdır. Hətta ağac kəsiləndə çoxlu pöhrə əmələ gətirir, yenidən bərpa olunu.
Dəmirağacın özünəməxsus xususiyyətlərindən biri də payızda yarpaqlarnın qırmızı rəngə çalmasıdır. Hündürlüyü 25-30 metr olan ağacın gövdəsi alabəzəkdir, pulcuq şəklində qopandır. Yanvar ayında çiçəklənir, apreldə başa çatır. 500 il yaşamaq qüdrəti olan dəmirağacı sön dövrlərdə Qəbələ rayonunda da əkilir.
Talış meşələrindəki dəmirağacının qışda çiçək açması, həmişəyaşıl qalma meyilli və başqa ağacların çiçək verməsi hardasa cənub şərqi Asiyanın tropik meşələrindəki bitki aləminə yaxındır.
Meşələrimizdə bitən Güləbşirin – ipək akasiya (yerli dildə kar lələk deyilir) hündürlüyü 20 metr olur, çiçəklənmə iyundan sentyabra qədər davam edir. Özünəməxsus xüsusiyyətlərindən biri yarpaqları növbəli düzülüşlüdür. Axarlı-baxarlı yamaclarda ipək akasiyası çiçək açanda meşənin hər sahəsi bir rəngə çalır.
Azərbaycan meşələrində 5 cür palıd mövcuddur. Şabalıdyarpaq palıd isə yalnız talış meşələrinin incidir.
Şümşad – ağacın hündürlüyü 12 metrə çatır. Saplağı çox qısadır, meşələrdən əlavə ziyarətgahlarda bitən həmişəyaşıl ağac növüdür. Yerli əhalidən bu ağacı müqəddəs sayanlar da var.
Bambuk – Astaranın Kijəbə ərazisində bitir. Qurumuş gövdəsindən balıq tutmaqdan ötrü tilovlar, çəpərlər, iri gövdəsindən daxmalar, mebel və kağız hazırlanır. Özəyində olan şirədən şəkər alınır. Bəzi ölkələrdə bambukdan boru kimi də istifadə edilir.
Evkalipt – 30 metr hündürlüyü olan həmişəyaşıl ağacın yarpaqları günəşə sarı qarşı-qarşıya düzülmüş formada olur. Ən başlıca xüsusiyyəti çox sürətlə inkişaf və rütubət tələb etməsidir. Endemik bitki kimi zonamızda əkilir (vətəni Avstraliyadır). Ağacın yarpaqlarındakı təsiredici maddə – efir yağıdır. Bu da tənəffüs yollarının iltihabında bəlğəmgətirici dərman kimi istifadə olunur. Yerli əhali bu ağaca “milçək qovan” deyir. Efir yağına görə ağcaqanadlar, milçəklər həmin ərazidən uzaq düşürlər.
Hirkan kolu – relikt bitkidir. Qədimdə zonamızda qadınlar yuyucu toz əvəzinə ondan nehrə təmizləyici kimi istifadə edirmişlər. Ona görə də nehrə otu adlanır.
Cökə ağacı – böyük ağacdır, gövdəsi qara rəngli yarıq-yarıq, qabıqla örtülmüşdür. Uzun saplaqlı, yaşıl yarpaqlı və xoşagələn ətirli sarı qonur rəngli çiçəkləri vardır. İyun-iyul ayında çiçək açır, qurumuş çiçəklərindən dəmləmə (çay formasında) bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Çökə ağacının zərifliyi ətirli xoş iyi olmasındadır.
Dəfnə ağacı – vətəni Aralıq dənizi ətrafında yerləşən ölkələr olsa da artıq subtropik zonada geniş yayılmışdır. Həmişəyaşıl ağac kimi 10-15 metr hündürlükdə olur. Gövdəsi qonur sarı rəngli hamar qabıqla örtülüdür. Bitkinin meyvəsi və yarpaqlarından istifadə edilir.
Rayonumuzda ərzaq bitkilər qrupuna mənsub olan feyxoa, limon, portağal, naringi, çay kollarının geniş plantasiyaları vardır.
Çay kolu – həmişəyaşıl, çoxillik bitkidir. Hündürlüyü 1-10 metrə qədər olur. Hind, Çin növləri mövcuddur. Qədimdə bitkinin vətəni Çin hesab edilsə də, artıq subtropik zonamız üçün daha əlverişli məhsuldardır. Əvvəllər dərman kimi yeyilsə də daha soralar yeyinti məhsulu kimi məşhurlaşıb. Yaşıl çay yarpağının tərkibində C vitamini vardır. Susuzluğu, yorğunluğu aradan qaldıran, enerjini artıran, həzm prosesini yaxşılaşdıran və.s müsbət təsir gücünə malik olan çoxillik bitkinin rayonumuz üçün iqtisadi baxımdan inkişaf deməkdir.
Rayonumuzun florası ilə yanaşı faunası da çox zəngindir. Məməlilər, sürünənlər, quruda-suda yaşayanlar, çoxsaylı oturaq və köçəri quşlar- heyvanat aləmi ilə dünyada tanınır.
Ayı, bəbir, çaqqal, canavar, tülkü, porsuq, dələ, dovşan, oxlu kirpi, su ilanı, gürzə, koramal kimi qartal, ördək, kaqa, qaşqaldaq, boz qarğa, qırğı, şahin (vaşaq) quş növləri ilə məşhurdur.
Xəzər dənizində olan balıqlar növünə görə müxtəlifdir. Kütüm-ziyad, külmə, sıf-suf (tikansız balıq), çəki, çəpək (tikanı çox olan), durna balığı, bölgə, uzunburun, qızıl balıq kimi nemətlər böyük Allahın lütfüdür.
İnsan həyatını təmin edəcək amillərdən biri də ekoloji vəziyyət, ətraf mühitin mühafizəsidir. Əgər meşələrdə, yaşıl yamaclarda, rəngbərəng otlar, nəğmə oxuyurmuş kimi müxtəlif səs çıxardan quşlar, çiçəkdən –çiçəyə qonan alabəzək min bir naxışlı kəpənəklər, növbənöv balıqlar bəşər övladı üçün yaradılıbsa bu möcüzəli aləmi qorumaq, hifz etmək onun müqəddəs borcu deyilmi!?…
Təbiət vurğunu doğma Azərbaycanı məhəbbətlə sevmiş ulu öndər Heydər Əliyev 30 il əvvəl çıxışların birində söyləmişdir: ”Mən istəyirəm hamınız təbiəti qoruyanlardan olasınız, təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin və hamımızın düşmənidir. Ona görə də yalnız qurub, yaradın”.
Qafqaz florasının məşhur tədqiqatçılarından olan akademik A.A.Qrusheyim meşələrimiz haqqında söyləmişdir: “Bu şimalın iynəyarpaqlı meşəsi deyil, Şişkinin başqa şimal rəssamlarının yaratdığı qəmgin və sirli meşə deyil, bu Nesterovun və Levitanın hərəkətsiz ağcaqayınları deyil, bu təmtərahlı aydın çöhrəli yüksək dərəcədə möhtəşəm olan cənub meşəsidir”.
“Talış təbiətli, talış xususiyətli diyar dünyanın başqa yerində yoxdur. Lakin ona oxşar ərazilərə İspanyada Miskay körfəzi, Serbiyada Skadar gölü sahillərində,İtaliyanın Padan ovalığında, Türkiyənin Avropa hissəsində, Qara dəniz ətrafında rast gəlmək olar. Hələ 20-30 milyon il bundan qabaq geniş bir ərazini əhatə edən bitki örtüyü yalnız burada qalmışdır. Hirkan Xəzər dənizinin qədim adlarından biridir. Botaniklər bu torpaqda bitən bitkinin çox qədim olduğunu göstərmək üçün məhz bu addan istifadə etmişlər.” Hirkan talış toponiminə əsasən “hir” – duman, “kü” – dərə,dağ deməkdir.
Orta məktəb dövründə mətbuatdan coğrafiyaşünas alimin yazısı ilə tanış olarkən meşələrimizi hələ görməmişdim. Uzun illərdən sonra əsrarəngiz, bənzərsiz təbiət abidəsini-meşələrimizi gəzərkən alimin düşüncələrində nə qədər haqlı olduğunu anladım. Təbiətimiz, flora faunamız ta qədimdən bu sahə ilə məşğul olmuş mütəxəssislərin diqqət mərkəzində olub.
Deməli nizamlı halda düzülmüş sıra dağları, həyat rəmzi şəffaf bulaqları,bənzərsiz meşələri, mərdlik, basılmazlıq, möhkəmlik simvolu olan sərt sıldırım-sirli qayaları mühafizə etmək göz bəbəyi kimi qorumaq və gələcək nəsilə əmanət qoymaq vəzifəsi üzərimizə düşür.
Gülnar Əsədli
“Astara” qəzetinin xüsusi müxbiri
Astarainfo.az