Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, BMT-nin İnkişaf Proqramının ekspertləri LDU-da ekoloji maarifləndirmə məqsədi ilə görüş keçirib.
Birləşmiş Mİllətlər Təşkilatının İnkişaf Proqramının ekspert qrupu Lənkəran Dövlət Universitetində müəllim-tələbə heyəti ilə görüş keçirib. Civə təhlükəsizliyi barədə ictimaiyyətin məlumatlandırılması məqsədi daşıyan görüşü LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent İdrak Əsgərov açıb və təhsil müəssisələrində ekoloji maarifləndirici tədbirlərin keçirilməsinin profilaktika baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
BMT İP-nin eksperti,Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,kimya elmləri doktoru ,professor İslam Mustafayev kimya sənayesinin üstün sürətlə artdığı,toksik tərkibə malik tullantıların sürətlə çoxaldığı hazırkı dövrdə əhali arasında ekoloji məlumatlandırmanın vacibliyini qeyd edib və profilaktik tədbirlərin görülməsində tələbələrin dəstəyinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində 30-dan çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulduğunu deyən professor İslam Mustafayev bildirib ki, ölkə üzərinə düşən öhdəlikləri yerinə yetirib və bu işlər bu gün də davam etdirilir. Azərbaycan civə üzrə Minamata Konvensiyasına hələlik qoşulmasa da,onun əhəmiyyətini dərk edir və ölkədə əhalinin maarifləndirilməsi istiqamətində işlər davamlı aparılır.Ekspert qeyd edib ki,Minamata Konvensiyasının məqsədi insanların sağlamlığının və ətraf mühitin antropogen təsirlər nəticəsində atılan civə və onun birləşmələrindən qorunmasıdır.
Fizika üzrə fəlsəfə doktoru Həsən Hüseynli konvensiyanın ayrı-ayrı maddələrini ətraflı şərh edib,Azərbaycanda bu sahədə olan vəziyyət barədə iştirakçıları məlumatlandırıb.
Sonda BMT İnkişaf Proqramının ekspertləri görüş iştirakşılarını maraqlandıran sualları cavablandırıblar.

Esmira İsmayılova

Astarainfo.az