Milli Azərbaycan Tarixi Muzeyində (Bakı şəhəri, H.Z.Tağıyev küçəsi,4) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya də peşə təlimində olan gənclərin əl işlərindən ibarət “Duyğularımın rəngi” adlı sərgi keçirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, on gün davam edəcək sərginin açılışında ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib.
Qeyd olunub ki, ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində aparılan işlərin bir istiqaməti də bu təbəqəyə aid insanların peşə reabilitasiyasına cəlb olunması, onların məşğulluq imkanlarına malik olmalarına şərait yaradılmasıdır. 2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzi bu vacib fəaliyyət sahəsində əhəmiyyətli rol oynayır. Ötən dövrdə həmin mərkəzdə ölkəmizin müxtəlif bölgələrindən 1250 nəfərə yaxın gənc müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına qəbul ediliblər. Hazırda isə müəssisədə 136 nəfər sağlamlıq imkanları məhdud gənc peşə təlimindədir.
Mərkəzdə bir çox peşələrlə yanaşı, xüsusi qabiliyyət tələb edən tətbiqi sənət növləri, o cümlədən rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə və s. üzrə kurslar da fəaliyyət göstərir. Xüsusi təlim məşğələləri, eyni zamanda müvafiq sahələrdə tanınmış mütəxəssislərin iştirakı ilə təşkil edilən treninqlər, ustad dərsləri şəraitində gənclərin bu sənət növləri üzrə bacarıqları təkmilləşdirilir. Gənclərin istedad və bacarıqlarının, əl işlərinin ictimaiyyətə təqdim olunması, onların yaradıcılıq imkanlarının dəstəklənməsi, ictimai-mədəni həyatda fəal iştirak etmələrinə şərait yaradılması üçün vaxtaşırı olaraq onların əl işlərindən ibarət sərgilər də təşkil olunur. Hazırkı “Duyğularımın rəngi” adlı sərgi də bu istiqamətdə növbəti tədbirdir.
Daha sonra iştirakçılar sərgidə təqdim olunan əl işləri ilə tanış olublar. Sərgidə mərkəzdə peşə təlimində olan, eləcə də mərkəzdə kursları artıq başa vurmuş 64 nəfər sağlamlıq imkanları məhdud gəncin 180-ə yaxın əl işi təqdim olunur. Gənclərin müxtəlif mövzularda tətbiqi sənət nümunələri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır. Sərginin açılış tədbirində ən yaxşı əl işləri ilə fərqlənən 30 nəfərə yaxın sağlamlıq imkanları məhdud gəncə sertifikatlar verilib. Tədbirdə ayrı-ayrı sağlamlıq imkanları məhdud gənclərin ifasında rəqs və mahnı, kamançada musiqi də təqdim edilib.