Noyabrın 5-də Qəbələ Regional “ASAN xidmət” Mərkəzində məktəbli qızlar üçün informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində II Regional Konfrans keçirilib.
Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Gilan Holdinq”in dəstəyi və “Azərbaycan Qadını İKT-də FEMMES DIGITALES (AWIC)” klubunun təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində ölkənin qabaqcıl şirkət və müəssisələrinin rəhbərləri və xanım təmsilçiləri informasiya kommunikasiya texnologiyaları sahəsində təqdimatlar edib, qızları bu sahəyə həvəsləndirmək üçün öz uğur hekayələrini danışıb, qabaqcıl təcrübələrini bölüşüblər.
Qadın mütəxəssislər İKT sahəsində təhsilin perspektivləri haqqında danışaraq gənc qızlarla bu barədə ünsiyyət qurublar. Qızlar arasında informasiya kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması məqsədilə keçirilən tədbirdə çıxış edən “Femmes Digitales klubu”nun üzvü olan “B.EST Solutions”, “ASAN xidmət”, “MONT”, “Cybernet”, “Azertelecom”, “Ultra Technologies” və digər təşkilatların nümayəndələri İKT-nin cəmiyyətin həyatının bütün sferalarındakı rolundan danışıb, bu sahədə təhsilin və karyeranın Azərbaycan xanımları üçün açdığı imkanlardan bəhs ediblər.
Ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən innovativ informasiya kommunikasiya texnologiyaları layihələri haqda məlumat verən natiqlər İKT sahəsində uğur əldə etmək istəyən qızlara “FEMMES DIGITALES” Klubunun verə biləcəyi dəstəyi də qeyd ediblər. Qeyd edilib ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində məktəbli qızların sayının artırılması, həmin regionda yaşayan və təhsil alan zərif cinsin nümayəndələri arasında gələcək karyeranın qurulması və potensial kadrların hazırlanması üçün İKT-nin bir sahə kimi təbliğ edilməsi və seçilməsinə kömək göstərməkdir.
Daha sonra kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsi olan “STEP IT Academy Azerbaijan”ın təqdimatında tədbirin praktiki hissəsinə start verilib. Praktiki məşğələlərdə iştirakçılar əyani vəsaitlərdən istifadə edərək müxtəlif robot və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olub, bu sahədə başlanğıc biliklərə yiyələnmək imkanı əldə ediblər.
Proqram çərçivəsində qızlar arasında keçirilən “İT Startap üçün ən yaxşı ideya” müsabiqəsinin qaliblərinə sertifikat, kubok və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, məktəbli qızlar üçün İKT sahəsində I Regional Konfrans ötən ilin noyabrında Masallı “ASAN həyat” Kompleksində keçirilib.