Qaxda minik avtomobili körpüyə çırpılıb, iki nəfər xəsarət alıb

Qaxda minik avtomobili körpüyə çırpılıb,  nəticədə iki nəfər xəsarət alıb.
APA-nın Şəki-Zaqatala  bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Şəki avtomobil yolunun 1-ci kilometrliyində, Kürmük çayı üzərindəki dəmir konstruksiyalardan inşa edilmiş körpünün girəcəyində baş verib.
Əslən Laçın rayonundan olan məcburi köçkün, hazırda Zaqatala rayon “Əhmədli Köçkün Qəsəbə” sakini, 1983-ci il təvəllüdlü  Elsəvər Qara oğlu Həsənov idarə etdiyi  “VAZ 21010” markalı,  “34-BD-419” dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri istiqamətdə hərəkətdə olarkən  idarəetməni itirib və avtomobili Kürmük çayı üzərindəki dəmir körpüyə çırpıb.
Qəza zamanı sürücü və onun sərnişini,  Qax rayon Əmbərçay kənd sakini, 1990-cı il təvəllüdlü Bəhruz Ramil oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.
MRX-dan bildirilib ki,  hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Sürücü Elsəvər Həsənova qapalı kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Bəhruz Məmmədovun vəziyyəti isə kafi hesab edilir.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.