Tərəvəzi, xurması, alma-armudu, qoz-fındığı ilə məşhur olan, zəhmətsevər insanların əməyi ilə gündən-günə gözəlləşən, inkişaf edən Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu növbəti beynəlxalq tədbirə uğurla ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, noyabrın 4-də Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Beynəlxalq xurma festivalı” keçirilib.
Balakən Rayon İcra Hakimiyyəti, “Balkhoorma” şirkəti, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalda respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, həmçinin digər qonaqlar və rayon sakinləri iştirak ediblər.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Sonra qonaqlar festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkiblər.
Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.
Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatıb. Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyiblər.
“Xurma şahzadəsi”nin faytonla gəlişi festival iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin rəsmi açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib.
Bildirilib ki, xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Hazırda rayonda 850 hektara yaxın barverən xurma bağları var. Ötən il bu bağlardan 14 min tondan çox xurma məhsulu əldə olunub. Cari ildə isə istehsalın 16 min tondan çox olacağı gözlənilir. Vurğulanıb ki, xurma həm də ixrac potensialı yüksək olan məhsullardan biridir. Hazırda Balakəndə xurma ixracatı ilə məşğul olan onlarla sahibkar fəaliyyət göstərir. Məhsul əsasən, Rusiya və Ukraynaya ixrac olunur, həmçinin yerli bazarlarda da satışa çıxarılır.
Diqqətə çatdırılıb ki, Katex kəndində yeni yaradılan “Balxurma” müəssisəsində bu mövsümdən xurmanın quru və yarımquru emalı həyata keçiriləcək. Müəssisədə istehsal olunacaq məhsullar daxili bazardan əlavə, MDB, Avropa və ərəb ölkələrinə də ixrac ediləcək. Bu müəssisə quru və yarımquru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunan, nəzdində yuyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir standartlara cavab verən istehsal sahəsidir. Müəssisənin fəaliyyətə başlaması, eyni zamanda, yerli əhalinin xurma ağaclarının əkininə marağını artıracaq, yeni xurma bağları salınacaq.
Xatırladaq ki, bu ilin sentyabrında Moskva şəhərində keçirilən “WorldFood Moscow” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və sərgi təşkilatçılarının diqqətini cəlb edən “Balxurma” və “Azərstar” şirkətləri 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüblər. Quru meyvə istehsalı və emalı sahəsində yalnız Azərbaycan şirkətləri sərginin təşkilatçısı “ITE Group” tərəfindən mükafatlandırılıb. Bununla da, ilk dəfə olaraq “WorldFood Moscow” sərgisinə qatılan Azərbaycan şirkətləri ən yüksək mükafatı qazanıblar. Azərbaycanın xüsusi emal üsulu ilə qurudulmuş xurma istehsalçısı olan “Balxurma” və fındıq istehsalçısı “Azərstar”ın bu mükafatlara layiq görülməsi həm də yerli məhsullarımızın ekoloji təmiz olması, bu sahədə istehsal və emal prosesinin müasir texnologiyalara əsaslanması ilə bağlıdır.
Festivalın açılış tədbirində tanınmış ifaçılar rəngarəng konsert proqramı ilə çıxış ediblər.