Bundan sonra adı dillər əzbəri olan Azərbaycan çayının əvvəlki şöhrətinin qaytarılmasında LDU-nun da öz payı olacaq!
Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) bu ali təhsil ocağının 25 illik tarixi ərzində ilk dəfə olaraq aqrar yönümlü ixtisaslarda tədrisin əyaniliyinə nail olmaq və tələbələrdə praktik vərdişləri formalaşdırmaq,elmlə təcrübəni uzlaşdırmaq məqsədi ilə yaşıl çay əkini keçirilir.
Bu gün universitetin yardımçı təsərrüfatında 50 sot sahədə yeni salınan yaşıl çay plantasiyasında 12 min ədəd çay şitili əkilib.Rayonun çayçılıq təsərrüfatlarına bir il öncə sifariş edilmiş, rayonlaşdırılmış yeni məhsuldar çay sortlarının əkinində tələbələr də fəal iştirak edib.Əkin zamanı çay bitkisinin əkin texnologiyası bitkiyə aqrotexniki qulluq,becərmə və suvarmanın təşkili formaları tələbələrə təcrübi şəkildə izah edilib.
Qeyd edək ki,universitetdə bu il ilkin olaraq 1 hektara yaxın sahədə yaşıl çay plantasiyasının salınması planlaşdırılıb. Böyük ixrac potensialı olan ,dünya və daxili bazarda qiyməti və istehlak tələbatı durmadan artan çayçılığın inkişafı gələcəkdə LDU-ya həm də qazanc,gəlir vəd edir.Belə ki,hazırda 1kq yaşıl çay yarpağının satış qiyməti 1 manat ,quru çayın kiloqramı isə 20-150 manat civarındadır.Xatırladaq ki,çay bitkisi əkildikdən -7-8 il sonra tam məhsula düşür.Eyni zamanda,LDU-da 5 hektar sahədə sitrus bağlarının salınması və digər əkinlərin keçirilməsi də nəzərdə tutulub.
Esmira İsmayılova
Astarainfo.az