Kürdəmirdə yol qəzası baş verib, 2 nəfər ağır yaralanıb

Kürdəmirdə iki maşının iştirakı ilə baş verən qəzada piyada və sərnişin ağır xəsarət alıb.
 APA -nın yerli bürosunun xəbərinə görə,  hadisə bu gün axşam saatlarında  Kürdəmir rayon ərazisində qeydə alınıb.
Kürdəmir rayonun Atakişili kənd sakini,  1985-ci il təvəllüdlü Rauf Rafiq  oğlu Əliyevin  idarə etdiyi “VAZ-21011” markalı minik maşını ilə Kürdəmir rayon istiqamətdə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Ramal Neman oğlu Nərimanovun idarə etdiyi “Mercedes” markalı maşına çırpılıb.
İdarəetmədən çıxan “Mercedes” yol kənarında dayanmış piyada, rayonun Çöhranlı kənd sakini, 1971-ci il təvəllüdlü Səyyad Babacan oğlu Hüseynovu vurub. Nəticədə piyada S. Hüseynov və “VAZ-21011” markalı maşında olan sərnişin 1967-ci il təvəllüdlü Vüqar Lazım oğlu Yunisov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.