Azərbaycan Turizm Assosiasiyası Misirdə turizmin təhlükəsizliyinin təbliğatını aparacaq

 Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbərliyi Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudə Siddiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 AZTA-dan “Report”a verilən məlumata görə, görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Assosiasiya rəhbərliyi bildirib ki, Misirdə məlum siyası hadisələrdən sonra təhlükəsizlik bərqərar olsa da, bu barədə Azərbaycan turistləri artasında geniş məlumatlandırma tədbirlərinin aparılması vacibdir. Azərbaycan tərəfi bu məsələdə Misir tərəfində yardım etməyə hazırdır.

Tərəflər birgə infoturların, “work-shop” və “B2B” görüşlərin keçirilməsi barədə razılığa gəliblər, birbaşa uçuşların sayının artırılmasının vacıbliyini qeyd ediblər. Birgə fəaliyyətin nəticəsi olaraq AZTA üzvlərinə individual və qrup şəklində sadələşdirilmiş viza veriləcək.

Görüşün sonunda X.F.Siddiq Şarm əş-Şeyxin simvolik açarını Assosiasiyanın İdarə Heyətinin (İH) üzvü Göydəniz Qəhrəmanova təqdim edib.

Qeyd edək ki, Misir nümayəndə heyətində Misirin Ədliyyə Nazirliyinin təftiş müşaviri Vəlid Fövzi əs-Subəi, “Air Cargo” şirkətinin İH-nin rəhbəri Yasir Yəhya Məhəmməd, “Maksima” turizm şirkətinin rəhbəri Amir Məhəmməd İsmayıl, “Shams” otellər qrupunun İH-nin sədri Muteyyi Mahmud İsmayıl, “İtaly-Egypt Air” şirkətinin baş meneceri İsam Əbdül Gəni təmsil olunub. Görüşdə Misirin Azərbaycandakı səfirinin xanımı Suzan Cəmil də iştirak edib.