“Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevYeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.
Dövlət başçısı bildirib ki, beynəlxalq hüququn normaları tam tətbiq edilməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir: “Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş verib. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Prezident qeyd edib, Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl səylər bundan sonra da davam etdiriləcək: “Beş il bundan əvvəl partiyamızın 20 illik yubileyində mən qeyd etmişdim ki, artıq üç ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. İndi bu ölkələrin sayı 10-dan çoxdur – cəmi beş il ərzində. Ona görə, bu istiqamətdə də ardıcıl siyasət aparılacaq.
Bununla paralel olaraq, biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaq. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərib”.
Dövlət başçısının sözlərinə görə, Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir.
“Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək”, – deyə prezident İlham Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir”.
O qeyd edib ki, Azərbaycan beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir: “Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Yəni, bu rəqəm deməyə əsas verir ki, bizim iqtisadi siyasətimiz mükəmməldir. Bu, ölkəmizin ümumi inkişafında, insanların rifah halının yaxşılaşmasında öz əksini tapır. Energetika, nəqliyyat sahələrində görülmüş işlər haqqında deyə bilərəm ki, son vaxtlar bir çox yeniliklər baş verib. Yəni, bir sözlə, Azərbaycan bütün sahələr üzrə, o cümlədən hərbi-texniki sahədə böyük uğurlara nail ola bilib. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...