“Qarabağ”ın rəqibi Özili pulsuz almaq istəyir

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Atletiko” mövsümün sonunda heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı “The Sun” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun ilk transfer hədəfi Məsut Özildi.

“Atletiko” rəhbərliyi “Arsenal”ın yarımmüdafiəçisi ilə danışıqlara indidən start verib. İspanlar London klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq Özili azad agent kimi heyətlərinə qatmağı planlaşdırırlar. Qarşı tərəf isə buna imkan vermək istəmir. Bu mənada, “Arsenal”ın Özillə yeni sözləşmə imzalayacağı da istisna edilmir. “Topçular” 29 yaşlı xavbekin başqa kluba keçidindən pul qazanmağı düşünürlər.

Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Verder” və Madrid “Real”ında da oynamış Məsut Özil 2013-cü ildən “Arsenal”ın formasını geyinir. O, hazırkı komandasının heyətində cari mövsümdə 7 oyunda 1 qola imza atıb.