Prezident Təşkilat Komitəsinin yaradılması haqqında – SƏRƏNCAM imzaladı

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.

Respublikamızın son illər ərzində artan potensialı nəticəsində beynəlxalq səviyyəli tədbirlərin, xüsusilə ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, voleybol üzrə qadınlar arasında Avropa çempionatının, “Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışının, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünya idman aləmində yerinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2018-ci ildə velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov

Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Yusuf Məmmədəliyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Azad Rəhimov

Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Fazil Məmmədov

Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti

Elmar Məmmədyarov

Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov

Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov

Azərbaycan Respublikasının maliyyə naziri

Ramin Quluzadə

Azərbaycan Respublikasınınnəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Əbülfəs Qarayev

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Oqtay Şirəliyev

Azərbaycan Respublikasının səhiyyə naziri

Mikayıl Cabbarov

Azərbaycan Respublikasının təhsil naziri

Aydın Əliyev

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Firudin Nəbiyev

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

Elçin Quliyev

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Cahangir Əsgərov

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2017-ci il.