Astarada ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Rayonunun ən iri yaşayış məntəqələrindən olan Ərçivan qəsəbəsinin ərazisi 2067 hektar olmaqla on min nəfərə yaxın əhalisi vardır. Qəsəbədə 4 tam orta məktəbdə 1415 şagirdin təlim-tərbiyəsi ilə 195 müəllim məşğul olur. Ötən tədris ilində 18 məzun ali məktəblərə qəbul olunub. Qəsəbədə həkim məntəqəsi, körpələr evi-uşaq bağçası, iki mədəniyyət evi əhaliyə xidmət göstərir. Əhali əsasən heyvandarlıq, tərəvəzçilik və sitrusçuluqla məşğul olur. Nümayəndəlikdə 130-dan artıq sahibkar fəaliyyət göstərir.
Noyabr 16-da rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ərçivan qəsəbəsindəki mədəniyyət evində səyyar qəbul və görüş keçirmişdir. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan icra başçısı Q.Ağayev qəsəbə sakinlərini salamlamış, onlarla keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırmışdır.
Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Cəbrayıl Salmanov əvvəlki səyyar qəbuldan sonra vətəndaşların müraciətləri əsasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Ərçivan qəsəbəsində müasir tipli elektrik dirəkləri və yeni transformatorlar quraşdırılmış, kanallar təmizlənmiş, magistral yol boyu küçə işıqları təmir olunmuş, ərazidəki məktəblərə, mədəniyyət evlərinə və körpələr evi-uşaq bağçasına gedən yollar asfaltlaşdırılmışdır. Qəsəbənin qaz xətləri yenilənmiş, 1700 dən yuxarı abonent mavi yanacaqdan və 1800 abonent elektrik enerjisindən istifadə edir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” tərəfindən elektrik dirəkləri və transformatorlar quraşdırılmışdır.
Qəsəbə sakinlərindən Gülağa Babayev, Əli Əliyev, Məmmədağa Əliyev, Əhməd Həsənov və başqaları çıxış edərək son dövrdə rayonumuzun şəhər, qəsəbə və kəndlərində aparılan geniş abadlıq və quruculuq işlərindən, xüsusən Ərçivan qəsəbəsində vətəndaşlar tərəfindən qaldırılan məsələlərin yerinə yetirilməsindən razılıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, şəhərimizə gözəllik qatan dənizkənarı park-bulvar kompleksinin genişləndirilməsi rayonumuzun bütün əhalisi kimi, qəsəbə sakinlərinin də hədsiz sevincinə səbəb olmuşdur. Möhtərəm Prezidentin “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə vəsait ayrılması astaralılara göstərilən diqqət və qayğının əyani sübutudur. Bu qayğı və diqqətə görə möhtərəm Prezidentimizə qəsəbə sakinləri adından minnətdarlıq ifadə edilmişdir. Çıxış edənlər qəsəbədə görülən işlərlə yanaşı, onları narahat edən problemlər – əkinə yararlı torpaqların dövriyyəyə buraxılması, yeni texnikaların cəlb olunması, qəsəbə ərazisindəki kanalların təmizlənməsi və digər məsələlər barədə təkliflər vermişlər.
Qəsəbə ərazisində 20 hektardan çox sitrus bağları, 1080 kv metr səkinin salınması və düyü dəyirmanı tikilməsi nəzərdə tutulmuşdur.
Rayon kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov, Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov səyyar qəbul və görüşdə qaldırılan məsələlərin həlli ilə əlaqədar məlumat vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə respublikamızın son illərdə qazandığı nailiyyətlərin ürəkaçan olduğunu, ölkəmizin gündən-günə artan uğurları ilə regionun aparıcı dövlətinə çevrildiyini diqqətə çatdırmışdır.
İcra başçısı Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar genişmiqyaslı tədbirlərin həyata keçirildiyini konkret faktlarla diqqətə çatdırmışdır. Qəsəbə sakinlərinin müraciəti əsasında məktəbin istilik sistemi qaydaya salınmış, ara yollar asfaltlaşdırılmış, elektrik dirəkləri bərpa edilmişdir. Heç də təsadüfi deyil ki, beynəlxalq standartlara cavab verən Boks Mərkəzi məhz burada inşa edilmişdir. Hazırda həmin mərkəzdə müxtəlif yarışlar keçirilməklə gənclərin asudə vaxtlarının səmərəli təşkili həyata keçirilir. Boks Mərkəzində məşğul olan gənclərimizin idmanın ayrı-ayrı növləri üzrə respublika və beynəlxalq yarışlarda uğurla çıxış etmələri, Azərbaycan bayrağını yüksəklərə qaldırmaları bizi çox sevindirir.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, möhtərəm Prezident İlham Əliyevin bölgəmizdə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına hədsiz diqqət və qayğısı onun bu ilin sentyabrın əvvəllərində bölgəmizə səfəri zamanı özünü parlaq şəkildə göstərdi. “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 sentyabr 2017-ci il tarixli Sərəncamı bölgəmizin bütün əhalisi tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanmışdır. Prezidentin Sərəncamında haqlı olaraq göstərilir ki, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, ölkə əhalisinin, xüsusən də bu sahədə çalışan insanların sosial rifahının yaxşılaşdırılması və məşğulluğun artırılması həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu məqsədlə görülən tədbirlər nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi də xeyli artmışdır. Bu sərəncamın icrası ilə əlaqədar rayonumuzun kənd təsərrüfatı əməkçiləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərirlər. Qəsəbə ərazisində torpaqlardan daha səmərəli istifadə edilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. Ərazidə çayçılığın, sitrusçuluq və çəltikçiliyin inkişafı üçün əlverişli imkanlar vardır. Qarşıda duran əsas vəzifə mövcud torpaq sahələrdən intensiv şəkildə istifadə etməklə ənənəvi kənd təsərrüfatı bitkilərinin inkişafını təmin etməkdir.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsindən ötrü, aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını vermişdir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...