Bu gün Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq Rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun doğum günüdür.

 AZƏRTAC xəbər verir ki, dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.

Lətif Kərimov 1906-cı ildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Onun atası Məşədi Hüseyn papaqçı, anası Telli Hacı Nəsib qızı isə Qarabağın tanınmış xalçaçılarından olub. 1912-ci ildə Kərimovlar ailəsi İranın Məşhəd şəhərinə köçüb. Burada Lətif Kərimov klassik Şərq sənəti olan kalliqrafiya üzrə təhsil almaqla yanaşı, rəssamlıq bacarığını da təkmilləşdirib.1922-ci ildə məktəbi bitirdikdən sonra Mirzə Hüseyn Ələkbərzadənin xalça emalatxanasında əvvəlcə təlimatçı köməkçisi, sonra təlimatçı, daha sonra isə rəssam kimi fəaliyyət göstərərək püxtələşib və xalça sənətinə mükəmməl yiyələnib. 1929-cu ildə Azərbaycana qayıdan Lətif Kərimov bir müddət sonra “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində çalışıb.

Lətif Kərimov 1930-cu illərdə xalq ənənələrinə əsaslanaraq klassik xalça rəsmləri hazırlayıb və xalça sənətinə bir sıra yeniliklər gətirib. Onun təşəbbüsü ilə 1937-ci ildə Bakıda mərkəzi boyaqçılıq emalatxanası yaradılıb. Rəssam ilk dəfə olaraq xalça üçün rəng şkalasını yaradıb. O, 1945-ci ildən ömrünün sonlarına kimi Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət şöbəsinə (1984-cü ildən etibarən isə xalça sənəti şöbəsinə) rəhbərlik edib. Lətif Kərimova “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə 1950-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb.

Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə isə Xalq Rəssamı fəxri adına layiq görülüb.

Lətif Kərimov ilk olaraq xalçaçılıq sənətinin özəl dəyəri, onun xalqın tarixi mədəniyyəti ilə qədim bağlılığı haqqında fikir söyləyib. Sənətkar Azərbaycan xalçalarının bir çox unudulmuş milli ornament növlərini və kompozisiyalarını bərpa edib. Lətif Kərimovun xalq ənənələrinin dirçəlməsi, inkişafı və zənginləşməsində rolu olduqca böyükdür. O, xalçaçılıq sənətinin başlıca bədii istiqamətlərini, onların üslub xüsusiyyətlərini müəyyən edib, Azərbaycan xalçalarının dəqiq təsnifatını verib ki, bu da onun “Azərbaycan xalçası” üçcildlik fundamental kitabında öz əksini tapıb. Azərbaycan xalçaları uzun müddət “Qafqaz xalçası” adı altında təqdim edilirdi. Lətif Kərimovun elmi araşdırmaları bu inciləri vətənə qaytardı, sübut etdi ki, dünya muzeylərində “Qafqaz xalçaları” adlandırılan xalçaların azı 90 faizi Azərbaycan xalçalarıdır.

Böyük sənətkarın təşəbbüsü ilə 1967-ci ildə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə milli mədəniyyət və incəsənətin görkəmli xadimi Lətif Kərimovun adı verilib. Muzey yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə müəssisə idi. Bu mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir.

Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlayıb. Bu xalçalarda şairin “Xəmsə”sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.

Böyük xalçaçı rəssam uzun illər M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. O, çoxsaylı xalça çeşniləri, bir sıra memarlıq tikililərinin bədii tərtibatı, divar bəzəkləri, zərgərlik əsərləri, parça naxışları və digər nümunələrin müəllifidir.

Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “Bahar”, “Heyvanlar aləmində”, “Şəbi-hicran”, “Zərxara”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.

Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.