Cənubi Qafqaz boru kəmərinə xərclər 16% azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətə 657 mln. ABŞ dolları həcmində vəsait xərclənib.
“Report” bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşlar adından yaydığı hesabatına əsasən, xəbər verir.
Hesabat dövründə boru kəməri ilə bağlı fəaliyyətlərə, təqribən, 21 mln. dollar əməliyyat xərcləri və 636 mln. dollar əsaslı xərclər sərf edilib.
Bu ilin 9 ayında boru kəməri üzrə xərclərin həcmi ötən ilin müvafiq dövründən 16% az olub.
Qeyd edilib ki, ilin ilk üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü, təqribən, 20,1 mln. kubmetr qaz olub.
Qeyd edək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
CQBK-nın sərmayədarları qismində BP (28,8%), “AzSCP” (10%), “SGC Midstream” (6,7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.