Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdən əvvəl rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev, YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov və  partiya üzvləri, ümummilli liderin abidəsini ziyarət edib önünə  gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev   qeyd  etmişdir ki, 25 il bundan öncə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır. Ulu Öndərimiz Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı müasir tariximizin ən şərəfli səhifəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən, qətiyyətli siyasəti, zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sivil əsaslar üzərində müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib.

 Müasir Azərbaycanın qurucusu, Ümummilli lider  Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. Ölkə rəhbəri cənab İlham Əliyevin imzaladığı Regionların Sosial – İqtisadi inkişafı Dövlət Proqramı  uğurla həyata keçirilir. Möhtərəm prezidentimizin məlum sərəncamlarına əsasən Astara şəhərində park bulvar kompleks tikintisinin yüksək səviyyədə davam etdirilməsi, şəhərin içməli su təchizatının yenidən qurulması və digər tikinti quruculuq işləri uğurla həyata keçirilir.  Minlərlə insanın yaşadığı ərazini əhatə edən coğrafi relyefi mürəkkəb olan Deqədi-Pəlikəş avtomobilin yolunun açılışından sonra, daha geniş və mürəkkəb   dağ ərazisi olan Toradi-Taxtanakəran avtomobil yolunun çəkilişi artıq yekunlaşmışdır. Böyük əhəmiyyətə malik olan Astara şəhərinədə inşa olunan  uzunluğu 174  km olan   Ələt-Astara avtomobil yolunun tikintisi də turizmin ,kənd təsərrüfatının  və iqtisadiyyatın bütün sahələrinin  inkişafına gətirib çıxaracaq.

İcra başçısı vurğulamışdır ki, Möhtərəm prezidentimizin bütün sahələrdə olduğu kimi,  iqtisadi və siyasi sahədə də uğurla  həyata keçirtdiyi layihələr dünyanın dörd bir tərəfində, hiss olunur. Reallaşan Bakı-Tbilisi-Qars Asiya ilə Avropanı birləşdirən tarixi ipək yolunu dəmir polad yollarla əvəz edən, şərq-qərb marşrutu və reallaşmaqda olan şimal-cənub dəhlizi layihələrinin həyata keçirilməsi cənab prezidentimizin qətiyyətli və prinsipial mövqeyinin nəticəsidir.

 Partiyamızın sədri, ölkə prezidenti İlham Əliyevin Respublikanın daxili və xarici siyasət sahəsində uğurları dünyanın aparıcı dövlətlərlə görüşləri sosial – iqtisadi inkişafı sahəsində verdiyi fərman və sərəncamlar xalqımızın maddi rifah halının yaxşılaşdırılmasına geniş təkan vermişdir. Qeyd olunmuşdur ki, Yeni Azərbacyan Partiyasının ən böyük uğurlarından biridə sıralarında İlham Əliyev kimi siyasətçinin olması və zaman-zaman formalaşaraq layiqli varis kimi liderlik zirvəsinə çatmasıdır.

 Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov Yeni Azərbaycan Partiyasının 25 illiyi haqqında geniş məruzə ilə çıxış etmişdir. Rayon Ağsaqqallar Şurasının üzvü Hamlet Əliyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova, Ağsaqqallar Şurasının üzvü Sabir Fətullayev, Gənclər Birliyinin üzvü İsmət Quliyev və başqaları çıxış etmişlər.  Qeyd olunub  ki, bu günlər Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə xalqımız əlamətdar hadisəni bayram kimi qeyd edir. Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur. Ötən 25 il ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli bir yol keçmişdir. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan geniş bəhs edilib.   Əslində bu illər müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlıdır.  16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində dərc olunan  bu müraciətə Ulu Öndərimiz Heydər Əliyev 24 oktyabr 1992-ci ildə cavab verdi. Heydər Əliyev ziyalılara cavabında bildirdi ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan ziyalılarının müraciətinə ehtiramla yanaşaraq Yeni Azərbaycan  siyasi Partiyasının yaradılmasını obyektiv zərurət olduğunu bildirdi. Qeyd etdi ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Zaman göstərdi ki, Yeni Azərbaycan Partiyası ulu öndərin dediyi kimi Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bildi. Ulu öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan dünyada ən nüfuzlu və lider dövlətlərdən birinə çevrilmişdir. Azərbaycanın misilsiz inkişafında Yeni Azərbaycan Partiyasının sanballı töhfəsi vardır.

 Tədbirdə YAP rayon təşkilatının fəaliyyətində fərqlənən partiya üzvlərinin bir qrupuna fəxri fərman və qiymətli hədiyyələr, YAP sıralarına daxil olan gənclərə partiya biletləri təqdim olunub.

Astarainfo.az