Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub

Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın barədə məlumat yayıb.
FHN-dən APA-ya daxil olan məlumatda deyilir ki, Lənkəran rayonunun Separadi kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb.
Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.
Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
15.23
Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, onlar yanacaqdoldurma məntəqəsinin sahibi Çingiz Allahverdiyev və həmkəndlisi Tərlan Məmmədovdur. Yanıq xəsarəti alan hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ç. Allahverdiyevin vəziyyətinin ağır olduğu deyilir. Onlar reanimasiya şöbəsindədirlər.
Qeyd edək ki, yanacaq dolduran boruda sızma baş verib, bu zaman yanğın olub.
***
15.06
Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Separadi kəndində Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri çağırılıb.
Yanğın lokallaşdırılıb.