Astarainfo.az xəbər verir ki, əlamətdar tarixi günü qeyd etmək üçün Biləsuvarın ədliyyə və məhkəmə orqanlarının əməkdaşları bu gün təntənəli mərasim keçiriblər.
Biləsuvarın şəhər mərkəzindəki Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda toplaşan mərasim iştirakçıları ilk öncə Əbədiyaşar şəxsiyyət, ümummilli lider H.Əliyevin abidəsini tər gül-çiçəklə yad edərək, qarşısında sayğı duruşu nümayiş etdirmişlər.
Daha sonra abidə önündə davam edən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyevin peşə bayramları münasibətilə ədliyyə və məhkəmə işçilərinə ünvanladığı təbrik məktubunu Başçının müavini- ictimai-siyasi və humanitar məsələlər şəbəsinin müdiri Ləman Yüzbaşova oxumuşdur.
Məktubda qeyd olunmuşdur ki, hər il 22 noyabr ədliyyə və məhkəmə işçilərinin peşə bayramı günü kimi keçirilən bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Eləcə də Ulu öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində misilsiz xidmətləri xatırlanmış və bu gün cənab Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirdiyi uğurlu islahatların fonunda Azərbaycanda ədliyyə sisteminin yüksək inkişafı və formalaşmasının real nəticələrindən bəhs olunmuşdur.
Peşə günündə kollektivə təbrik sözlərini çatdıran Biləsuvar rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Rəfael Əliyev Respublika rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlardan diqqətçəkən məqamlara toxundu. Ölkəmizin məhkəmə sisteminin tarixindən danışan R.Əliyev, son illərdə məhkəmə-hüquq islahatlarının uğurla aparıldığını, regionlarımızda bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırmışdır.
Biləsuvar rayon Prokuroru baş ədliyyə müşaviri Qabil Əliyev, Biləsuvar rayon polis şöbəsinin rəisi polis polkovniki Əliyəddin Səfərov, Biləsuvar rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin rəisi polkovnik-leytenant Namiq Osmanov, İcra şöbəsinin rəisi İlkin Əzizov, hakim köməkçisi Camal Quliyev, ittihamçı prokuror Aydın Əliyev və digər natiqlər təbrik çıxışlarında rayonun ədliyyə və məhkəmə orqanlarının fəaliyyətini təqdirəlayiq hesab edərək, yüksək dəyərləndirmişlər.
Sonda əlamətdar gün münasibəti ilə Rəfael Əliyev kollektiv adından cənab Prezidentə təşəkkür və minnətdarlığını bildirmişdir.

Samir Qurbanov