“Qurani-Kərim” yeni tərcümə və işlənmiş variantda çap olunacaq

“Yubileyimə “Qurani-Kərim”in yeni tərcüməsi və yenidən işlənmiş variantı ilə gəlmişəm”.
Bunu APA-ya Bakı Dövlət Universitetində 75 illik yubileyi qeyd olunan akademik Vasim Məmmədəliyev deyib. Şərqşünas alim bildirib ki, ilk dəfə 1991-ci ildə çap olunan “Qurani-Kərim” rəsmi olaraq 17 dəfə işıq üzü görüb: “Rəsmi çapdan əlavə bir neçə dəfə qeyri-rəsmi şəkildə də çap olunub. Əlbəttə, bu da oxucuların dinə olan marağı ilə bağlıdır. Əvvəlki variantlarda mexaniki səhvlər var idi, onlar aradan qaldırılıb. “Qurani-Kərim”in yenidən işlənmiş variantında fundamental dəyişiklik olmasa da, yeri gələndə baxmaq, nəzər yetirmək lazımdır. Çünki “Quran” Allah kəlamıdır. Quranın mənası tükənməzdir. Dövrə və çağa görə açıqlanır, alimlər tərəfindən tədqiq olunur. Yenə deyirəm, yenidən işlənmiş variantda fundamental dəyişiklikdən söhbət getmir. Sadəcə, ola bilər ki, bir sözün yerinə başqa söz işlənsin. Dəyişiklikdən sonra on səkkizinci nəşr işıq üzü görəcək”.