Astarainfo.az xəbər verir ki, Azərbaycan  Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində Astara rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin artırılması” layihəsi çərçivəsində 3 günlük qeyri-formal təlim kursları uğurla başa çatmışdır.

Layihənin rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə, layihənin əsas məqsədi Astara rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarıqlarının artırılmasına yardımçı olmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün Astaranın müxtəlif məktəblərində çalışan 25 nəfər məktəb psixoloqu bir araya gələrək rayonda yerləşən Şindan otelində 3 gün davam edən maarifləndirici təlim kursunda iştirak etmişdir.

Yekun tədbirdə Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs xanım Məmmədova çıxış edərək, nazirliyin qrant müsabiqəsinin əhəmiyyətindən bəhs edərək belə bir layihənin rayonun ümumtəhsil məktəblərində çalışan psixoloqlarının bilik və bacarıqlarının   artırılmasında böyük bir təcrübə olacağını qeyd edərək onları bu münasibətlə təbrik etmişdir. Həmçinin iştirakçıların sualları cavablandırılmışdır.

Layihənin rəhbəri Rövşən Bağırovun məlumatına görə təlimçi-psixoloq, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı tərəfindən 3 gün ərzində məktəb psixoloqlarına, müasir praktik psixoloji xidmətin aktual məsələləri, təhsildə psixoloji xidmətin məqsədi,vəzifələri və xüsusiyyətləri, məktəb psixoloqunun peşə fəaliyyəti və sənədləşdirmə, psixoprofilaktika, psixodiaqnostika, psixoloji konsultasiya, psixokorreksiya, psixoloji konsilium mövzuları tədris edilərək təlimin yekun qiymətləndirilməsi aparılmışdır.

Təlimdə müxtəlif problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparılmış və müzakirələr, qrup işləri, təqdimatlar, rol oyunları, kimi müasir təlim üsullarından geniş istifadə olunmuşdur.

Kursun sonunda hər bir iştirakçıya Astara rayonunda fəaliyyət göstərən və layihənin tərəfdaş təşkilatı olan Gənclərin Sosial İnkişafına Dəstək (GSİD) ictimai birliyi tərəfindən  Sertifikat təqdim olunmuşdur.

Onu da qeyd edək ki, bu  Rövşən Bağırovun  təhsillə bağlı Astara rayonuna gətirdiyi üçüncü layihəsidir.

Layihənin informasiya dəstəyi:Astarainfo.az, lenkaranxeber.info, Djb.az, Millixeber.az

Astarainfo.az