Astarainfo.az xəbər verir ki, noyabrın 24-də Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Astara Pedaqoji Kollecində   tələbələr  üçün  maarifləndirmə məqsədi ilə geniş   tədbir keçirib.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının  icrası ilə əlaqədar, müvafiq icraçı orqanlarla birlikdə  keçirilən tədbiri Astara rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açıb.
Narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat  xarakterli  görüşlərin keçirilməsinin vacibliyini qeyd edən  Y.Rəsulova təhsil müəssisələrində  bu sahədə davamlı olaraq profilaktiki tədbirlərin həyata keçirildiyini, təbliğat işlərinin səmərəliliyinə daim önəm verildiyini iştirakçıların nəzərinə çatdırıb.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev , DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, polkovnik Tanrıverdi Aydınov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  nümayəndəsi Tural Hüseynzadə, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev tədbirdə  çıxış edərək narkomaniyanı  müasir dövrün ən böyük sosial bəlası adlandırıblar.
Cənub bölgəsində bu dəhşətli bəlanın yayılmasının əsas səbəblərini təhlil edən çıxışçılar cəmiyyətin bütün üzvlərini  problemin həllində birgə fəaliyyətə, qarşılıqlı əməkdaşlığa çağırıblar. Müasir gəncliyi, xüsusən də onun öndə gedən hissəsi olan tələbələri narkomaniyadan  qorumaq  məqsədilə  profilaktik tədbirlərin, maarifləndirici görüşlərin vacibliyini önə çəkən ekspertlər faktlar əsasında narkomaniyanın cəmiyyətə vurduğu böyük mənəvi zərbəni şərh ediblər, cəmiyyətin mənəvi əsaslarını dağıdan bu bəladan  qurtulmaq  üçün yeniyetmə və  gənclərə zərərli vərdişləriun fəsadları haqqında  mütəmadi məlumat verilməsini zəruri sayıblar.
Tədbirin sonunda  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar və digər maarifləndirmə xarakterli çap məhsulları iştirakçılar arasında paylanılıb.