Azərbaycan Misirin paytaxtı Qahirədə “Radikalizmlə birgə mübarizə və dialoqun gücləndirməsi” mövzusunda keçirilən beynəlxalq forumda təmsil olunub.  Astarainfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ölkəmizin Misir Ərəb Respublikasındakı Səfirliyinin müşaviri Azər Abbas, “Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov və digər diaspor nümayəndələri forumda iştirak ediblər.
Azərbaycanlı alim Seymur Nəsirov forumda “Sülh içində yaşayan azərbaycanlıların uğurlu modeli” mövzusunda çıxış edərək Azərbaycandakı multikultural ənənələr barədə qonaqlara məlumat verib. O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Seymur Nəsirov forum iştirakçılarının diqqətinə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Azərbaycanın sadəcə bu gün deyil, ta qədimdən çoxsaylı xalqların firavan şəkildə yaşadığı ərazi olduğunu vurğulayan alim əlavə edib ki, ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. O, həmçinin, Azərbaycanın bu uğurunun dünyanın müxtəlif ölkələrində tədris olunduğunu da qeyd edib. Forumdan sonra bəzi yerli və xarici telekanlların nümayəndələri multikulturalizmin Azərbaycan modeli ilə bağlı Seymur Nəsirovdan müsahibə alıblar.