Bu gün yazdıqlarım qızılı rəngdə olacaq-qızılı payızın qızılı mənzərəsindən danışacağam. O mənzərədən ki, burada bütün rənglər bir-birinə qarışıb, bir-birini tamamlasa da, sonda, hamısının qızıla çalmağıdır…

Payız təbiətin rəng çalarlarını sarı tonda qovuşdurur sanki, musiqi dili ilə desək, təbiət bu fəsildə havasını sarı ritmə kökləyir. Bəs payızın rəngi görən niyə sarıdır, axı sarı qorxu rəngidir? Bəlkə əlində olanını itirməyindən qorxur, bu cah-cəlalı dövranını qışa ötürməyinin qorxusundan sarısını udub payız? Niyə Uca xaliq nemətlərinin bərəkət süfrəsini məhz bu fəsildə sərib.? Adı Qurani-Kərimdə keçən Cənnət meyvələrin hamısı bu fəsildə yetişir-nar, alma, üzüm, xurma, zeytun və s. Bəlkə elə cənnətin özüdür payız-agah deyilik biz?

…Hər nə isə, nə yaxşı ki, indi payızdır və nə xoş ki, bu payızı yaşamaq qismətimizə yazılıb!
…Heç bilirsiniz “cənub mirvarisi, qızıl Lənkəran “payızda necə gözəl görünür? N.Tixonov elə bu qızılı görkəminə baxaraq vəsf edib bu yurdun gözəlliyini, onu qızıl Lənkəran adlandırıb. Əgər bu yurda nə vaxtsa səfər etmək fikriniz olsa, onda mütləq payızı seçin. Sapsarı narıngilərin, portaxalların, limonların qızılı sehrinə düşəcəksiniz. Hələ onların ətrini demirəm! Payızda bu yerdə yuxular da qızılı rəngə boyanır, röyalardan limon qoxusu gəlir. Amma heç bir qoxu ecazkar
dəmirağacından aldığınız xoş rayihənin yerini verə bilməz! inanmırsınız, özünüzgəlib şahid olun. Gələndə yolunuzu dəmirağaclarının səf-səf əkildiyi Lənkəranın məşhur Qala xiyabanından, təbiətin yaddaş kitabı olan Hirkan meşələrindən salın. Uca xaliqin qadirliyinə, möhtəşəmliyinə əhsən deyərsiniz bir daha!
Payızda Talış meşələrinin gözəlliyini vəsf etməyə sözün çalarları kifayət etmir.Talış meşələrində, dəmirağacısı, palıd, azad, çökə, şümşad baş-başa verərək qızılı panno yaradır-baxdıqca baxmaq istəyirsən. Bu gözəlliyə baxmaq, təbiətdən zövq almaq fürsətini fövtə verməyin-yolunu qızılı payızda qızıl Lənkərana salın. Bütün ilinə yetəsi qızılı xatirələr yükünü tutmaq üçün, behiştin nə olduğunu bilmək üçün!

Esmira İsmayılova-Lənkəran

Astarainfo.az