Azyaşlı uşaqlara vurulan “mantu” vərəm xəstəliklərinin aşkar olunması üçün aparılan ilkin sınaqdır.

 Bir çox insan bu sınağı peyvənd kimi dərk edirlər. Lakin bu, peyvənd deyil.
Bu sözləri axar.az-a professor, tibb üzrə ekspert Adil Qeybulla deyib. O bildirib ki, bu sınağın əsas vəzifəsi insan orqanizmində vərəm infeksiyasının erkən aşkar edilməsidir:
“Mantu” sınağı insan orqanizmi üçün tam təhlükəsiz sayılır. Lakin bu sınaq allergik reaksiya verə bilər və tam spesifik sınaq hesab olunmur. Bəzi respirator xəstəliklərdə bu sınaq yalançı olaraq, müsbət çıxa bilir. Amma kompleks dəyərləndirmədə bu sınağın əhəmiyyəti var. Bu baxımdan da “mantu” sınağından sonra uşaqda hər hansı bir problemin yaranması müşahidə edilə bilməz. Sadəcə, isterik nevroz xəstələri və allergiyaya meyilli uşaqlarda onlarda bu sınaq müəyyən problemlər yarada bilər. Belə problemləri olan uşaqlar əvvəlcədən öz pediatrları tərəfindən müayinə edilməlidir. Yalnız bundan sonra onlara “mantu” sınağının qoyulması məqsədəuyğun hesab oluna bilər”.
Adil Qeybulla qeyd edib ki, yayılan bəzi əsassız məlumatlar nəticəsində valideynlər bu tipli vaksinlərdən imtina edir:
“Əhali arasında mənfi rəylər yaradan, “mantu”dan istifadə etmənin ölümə səbəb olacağı ilə bağlı təşviş yaradan informasiyalar əsassızdır. Çünki bu sınaqların heç bir zərəri yoxdur”.
Adil Qeybulla vurğulayıb ki, vərəm xəstəliyinə “barmaqarası” baxmaq olmaz:
“İnsanların nəzərinə çatdırmaq istəyirəm ki, bu gün Rusiya həbsxanalarında vərəmin tolerant bir forması yayılıb. Azərbaycanda da bu xəstəliyə yoluxmuş şəxslər kifayət qədər çoxdur. Vərəmin bu gün mövcud olan dərmanları yeni yaranan formaya demək olar ki, təsir etmir. Proqnozlara görə, vərəmin bu formasından yaxın 5 il ərzində 15 milyon nəfər dünyasını dəyişib. Bilirsiniz ki, vərəm əsrin əvvəlində ciddi xəstəlik kimi qəbul edilirdi. Daha sonra antibiotiklər və “streptomizn” kimi dərmanlar çıxdıqdan sonra bu xəstəliklə mübarizə aparmaq mümkün olub. Hazırda isə biz yenə də ciddi problemlə üzləşirik. Vərəmin yeni yaranan tolerant formasının müalicəsi çox baha başa gəlir və bir çox hallarda onun müalicəsi mümkün olmur. Ona görə də “mantu” sınağından qorxmaq əvəzinə, bu xəstəliyin vaxtında qarşısını almaq üçün olan vasitələrdən istifadə etmək lazımdır”.
Adil Qeybullanın sözlərinə görə, vaksinlərin istifadəsi YUNİSEF-in qərarı ilə həyata keçirilir:
“Yəni dünya üzrə vaksinasiyanın sxemi var və bunu bütün ölkələr həyata keçirir. Nəzərə almalıyıq ki, vaksinasiya olmasaydı, bu gün bir çox infeksion xəstəliklərin qarşısını almaq mümkün olmazdı və bu xəstəliklər xeyli insanın ölümünə səbəb ola bilərdi. Bunlardan istifadə nəticəsində dünyada “çiçək” kimi qorxulu 4 karantin infeksiyasından biri yoxa çıxıb. Bu baxımdan da bu gün əhali vaksinlərdən istifadə etməkdən çəkinməməlidir”.
Pediatr İlhamə Rüstəmbəyli isə bildirib ki, hazırda “mantu” sınağı yoxdur, onun əvəzinə “diaskintest”dən istifadə olunur:
“Bu da uşağın orqanizmində vərəmə qarşı həssaslığın olub-olmamasını aşkar etmək üçündür. Ona görə də bunun tətbiqi xüsusi əhəmiyyətə malikdir. Əsasən ildə bir dəfə bütün uşaqlara bu testi etmək lazımdır. Artıq keçən ildən ölkəmizdə bu testdən istifadə olunur və bunun hər hansı fəsadı ilə qarşılaşmamışıq. Amma tam əminliklə deyə bilərəm ki, bu testin nəticələri tam düzgün olur. Bu test nəticəsində uşaqlarda hər hansı həssaslıq çıxırsa, bunun dərəcəsinə görə, uşaqlara 3 ay vərəm əleyhinə preparat verilir”.
İ.Rüstəmbəyli vurğulayıb ki, bu vaksinlərdən istifadə etməkdən imtina edən valideynlər də var:
“Biz onlara bunu məcbur edə bilmərik. Amma bu, uşaqlar üçün xüsusi əhəmiyyətlidir və valideynlər bundan imtina etməməlidir. “Diaskintest” ən çox risk qrupunda olan uşaqlara qoyulur. Bu uşaqlar əsasən, vərəm xəstəsi ilə kontaktda olan və BSJ peyvəndi olmayan uşaqlardır”.