Əkin sahələrinin yandırılmasına görə cəzalar müəyyənləşdiriləcək. Bununla bağlı dövlət başçısı tərəfindən Milli Məclisə qanun layihəsi təqdim olunub. Məsələ Milli Məclisin gündəliyinə daxil edilən layihədə buna görə yüksək miqdarda cərimə nəzrədə tutulur.

Hər il taxıl sahələrində biçin aparılandan sonra ərazi yandırılır. Bəziləri sahəni təmizləməyin asan younu bunda görürsə, bəziləri isə bunun torpağa faydalı olduğunu düşünür.

Ancaq elmi cəhətdən sübut olunub ki, biçindən sonra qalıqların yandırılmasının nəinki torpağa faydası var, əksinə məhsuldarlığa mənfi təsir edir.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Murtuzəli Hacıyevin sözlərinə görə, əkin sahələrin yandırılması aqronomik qaydalara ziddir. Biçindən sonra əkin sahələrinin yandırılması məhsuldarlığın 20-30 faiz azalmasına səbəb olur. Bununla bağlı fermerlər arasında maarifləndirmə işləri aparılıb və ciddi xəbərdarlıqlar da edilib. Amma bu, belə halların qarşısının tam alınmasına gətirib çıxarmayıb.

Artıq Milli Məclis bu məsələyə son qoyacaq qanunu qəbul etməyə hazırlaşır.

Qanunun tələbləri fermerleri bu əməldən çəkindirəcək qədər sərtdir. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Kənd Təsərrüfatı Nazirliyi sahələrdən samanı yandırmadan çıxarmağı və yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatı aparmağı tövsiyə edir.

Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək. //xezerxeber.az