Prezident Baş nazirin müavini və XİN rəhbərini qəbul edib – YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Astarainfo.az XəzərXəbər.az-a istinadən  xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu dedi. Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev bu səfərin uğurla keçdiyini bildirdi və ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı ticarət, investisiya qoyuluşu, ölkələrimizin daha çox şirkətlərinin birgə çalışmasının önəmini vurğuladı. Prezident İlham Əliyev bu baxımdan iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev bu yaxınlarda Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini və yaxşı nəticələr verdiyini bildirərək sammitdə qəbul edilən Bəyannamənin əhəmiyyətini vurğuladı, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində danışıqlar aparıldığını və bu sazişin əməkdaşlığımızın qarşılıqlı maraq doğuran bütün sahələrini, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət sahələrini əhatə edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında energetika sahəsində uzunmüddətli əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu deyərək Xorvatiyanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında mütəmadi iştirak etməsindən məmnun olduğunu bildirdi.

Xorvatiya Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Martina Daliç Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və Baş nazir Andrey Plenkoviçin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Martina Daliç Bakıya gəlişindən məmnunluğunu ifadə edərək ölkəmizdə özlərini evdəki kimi hiss etdiklərini bildirdi. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyərək, iki dövlət başçısının əməkdaslığımızın genişlənməsi baxımından birgə səylərinin önəmini qeyd etdi. Xanım Martina Daliç sərmayə qoyuluşu, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu dedi və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın uğurla fəaliyyət göstərdiyini qeyd etdi.

Prezident İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və Baş nazir Andrey Plenkoviçin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Xorvatiya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

***

Prezident İlham Əliyev həmçinin Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı da qəbul edib.

Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ölkələrimiz arasında ikitərəfli münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu qeyd etdi. Azərbaycanda Kosta Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirdi ki, bu, ölkəsinin strateji qərarıdır. O, qeyd etdi ki, Kosta Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir və Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı Kosta Rikanın Azərbaycanda səfirlik açmasının önəmini qeyd etdi və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Görüş zamanı iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, ticarət əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün kifayət qədər imkanların olduğu vurğulandı və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.