Bakıda aortanın laylanmış anevrizması “hibrid metodla” müalicə edildi.
Azərbaycan səhiyyəsində daha bir uğura imza atılıb. Ölkəmizdə ilk dəfə olaraq Mərkəzi Klinik Xəstəxanada (MKX) aortanın laylanmış (dissekan) anevrizması “hibrid metodla” müalicə edilib.
Əməliyyat MKX-nın baş həkimi, tibb elmləri doktoru, ürək-damar cərrahı, tibb elmində beynəlxalq səviyyədə tanınmış mütəxəssis Kamran Musayev və onun komandası tərəfindən həyata keçirilib.
Aorta disseksiyası xəstəliyi barədə Milli.Az-a məlumat verən Dr. Kamran Musayev bildirib ki, insan orqanizminin ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşahidə olunan bu xəstəlik zamanı ölüm riski çox yüksəkdir:
“Ölüm riski yüksək olsa da, son illər kardiologiya və ürək-damar cərrahiyyəsində bu xəstəliyin müalicəsi sahəsində ciddi uğurlar əldə edilib. Bu sahədə ən son nailiyyət aorta disseksiyasının (və dissekan anevrizmanın) “hibrid metodla” ləğvidir. “Hibrid metod” – klassik cərrahi əməliyyatlarla endovaskulyar əməliyyatların birgə istifadə olunmasıdır. Bu yanaşmada daha kiçik miqyaslı açıq əməliyyatlarla endovaskulyar qapalı əməliyyatlar kombinasiya edilir. Beləliklə, böyük miqyaslı açıq əməliyyatlardan və onların ağırlaşmalarından yayınmaq olur. Bu metodla eyni zamanda xəstələrdə qan itkisinin və əlavə travmanın qarşısı da alınır”.
Son 10 ildə hibrid müalicənin dünyanın qabaqcıl ölkələrində tətbiq edildiyini deyən baş həkim bildirdi ki, bu əməliyyat ölkəmizdə ilk dəfə tətbiq edilir: “Ciddi riskli aorta disseksiyası və aorta anevrizması xəstələri üçün ümid yeri, həyat xilasedici bir alternativ təşkil edən “hibrid müalicə” dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq edilməyə başlayıb. Bizim bu müalicə metodunu ilk dəfə tətbiq edərək əməliyyat etdiyimiz xəstə 39 yaşında kişi idi. Xəstədə enən aortanın disseksiyası və anevrizması olduğu üçün klassik açıq cərrahiyyənin tətbiqi yüksək risk daşıyırdı. Buna görə də xəstəmizi “hibrid metodla” (yuxu arteriyası- körpüçükaltı arteriya şunt + TEVAR) ilə müalicə etməyə qərar verdik. Əvvəlcə yuxu arteriyası ilə körpücükaltı arteriya arasında şunt əməliyyatı icra etdik. Sonra isə aortanın laylanmış və anevrizmalaşmış seqmentinə qapalı yolla stent-qreft yerləşdirdik (TEVAR)”.
K.Musayev bildirdi ki, bu cür əməliyyatları həyata keçirmək üçün ciddi infrastruktur və kadr hazırlığı tələb olunur: “Bir neçə ildir ki, biz Mərkəzi Klinikada aortanın anevrizmalarında endovaskulyar əməliyyatlarını icra edirik. Hərtərəfli hazırlıqları başa vurduqdan sonra bu əməliyyatları reallaşdırmağa başladıq. “Hibrid metod” isə daha mürəkkəb, daha çox hazırlıq və təcrübə istəyən bir əməliyyat növüdür. Bunun üçün lazımi hazırlıq işləri bütün incəliklərinə qədər nəzərdən keçirildikdən sonra xəstə əməliyyata alındı. Ciddi risk daşımasına baxmayaraq komandamızla birgə daha bir uğurlu əməliyyat həyata keçirdik. Artıq xəstəmizi sağalma ilə evə yazmışıq. Bu cür müasir və mürəkkəb metodlu əməliyyatların ölkəmizdə də icra olunmağa başlamasından ötrü çox sevinirik”. Milli.Az