Son günlər bütün Azərbaycanın adını qürürla andığı Reyhan Camalova bu gun vətənə döndü. Təhsil aldığı “İstək” liseyinin əməkdaşları ilə əlaqə saxlayıb, 15 yaşlı ixtiraçımızla söhbətləşmək imkanı əldə etdim.
Publika.az-ın xüsusi qonağı zəkası ilə İvanka Tramp da daxil olmaqla, milyonları özünə heyran qoyan Reyhan Camalovadır.
– Reyhan Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirakın zamanı çox gözəl şüarın var idi: “Hər dəfə bir ev işıqlanır”. İnan ki, sən bu şüarınla bütün Azərbaycanı işıqlandırdın, qəlblərimizi nura boyadın. Bunun üçün sənə minnətdarlığımı bildirirəm. Necə yarandı bu ideyan?
– Öncə onu deyim ki, ailəm hər zaman mənə dəstək olub. Uşaqlığımda atamla birgə yeni ixtiralardan bəhs edən elmi-sənədli filmlərə böyük maraqla baxırdım. Elə bu yola da məni atam ruhlandırdı. Bu gün dünyada alternativ enerji mənbələrinə tələbat çoxalıb. Xüsusən də Avropa ölkələrində daha çox küləkdən, çaydan, günəşdən demək olar ki, hər şeydən enerji alırlar. Belə bir sual yaranır ki, niyə insanlar yağışdan enerji almırlar? Biz bunu düşündük və belə bir dizayn tərtib etdik. Bu 4 hissədən ibarət bir qurğudur. Yağış kollektoru suyu toplayır daha sonra tankı doldurur. Tankda toplanan su aşağıdakı çarxı fırladır və hərəkət nəticəsində enerji yaranır ki, bu enerji də akkumulyatorda toplanır. Beləcə insanlar ehtiyac duyan zaman bu enerjidən istifadə edirlər. Onu da nəzərinizə çatdırım ki, bu ixtira bütün ölkələr üçün nəzərdə tutulmayıb. Bu cihazdan Hindistan, Filippin, İndoneziya kimi musson yağışlarının hakim olduğu ekvatorial ölkələrdə istifadə oluna bilər.
– Ötən il ölkədaxili yarışmada iştirak etdin.
– Ötən il “Climate Launchpad” yarışmasına qatıldım və bu fikir o zaman yarandı. Həmin yarışmadakı müəllimlərim Leyla xanım, Cəsur bəy və Asif bəyin də üzərimdə böyük əməkləri oldu. Biz 4 ay ərzində sırf bu cihazın üzərində çalışdıq. İki prototip hazırladıq. Birincisi 3 led, ikincisi isə 22 led lampanı yandırdı və böyük inkişaf gördük. Düşündük ki, cihazı bir az da böyütsək, daha çox enerji ala biləcəyik. Düzünü deyim, mənim hələ 15 yaşım var və biznesə dair heç nə bilmirdim. Bu sahə haqda təsəvvürüm belə yox idi. Yarışma zamanı biznes barədə geniş məlumat topladım və dərin marağım oyandı. Onu da deyim ki, bu yarışmada çox gözəl nəticə əldə etdik. Mən və Zəhra Qasımzadə adlı həmkarım Azərbaycan finalında tamaşaçıların ən sevimli “StartUp”ı adlı kuboka layiq görüldük. Həmçinin “Yeni Fikir” ideya layihəsində də iştirak etdik və finala qədər yüksəlib, yaşımız qədər təcrübəsi olan insanlarla mübarizə apardıq. Bu yaxınlarda isə mentorum olan Leyla Tağızadə mənə Qlobal Sahibkarlıq Sammitində iştirak etmək üçün müraciət etməyi məsləhət gördü. İlk mərhələdən uğurla keçdim və Amerika səfirliyinə müsahibəyə çağırıldım. Müsahibəni də uğurla başa vurdum. Daha sonra mənə ərizə göndərildi. Ərizəni doldurub, Vaşınqtona göndərdim. Uğurlu qeydiyyatdan keçib, Qlobal Sahibkarlıq Sammitinə yüksəldim.
– Kiminlə getdin Sammitə?
– Mentorum Leyla xanımla getdik. Onun üzərimdə çox böyük zəhməti var. Hər ikimizin xərcini Amerika hökuməti qarşıladı. Burada iştirakım da möhtəşəm idi. Sahibkarlar, investorlarla görüşüm oldu. İnvestorların da ixtiramıza dərin marağı yarandı. Bildiyiniz kimi bu çox böyük cihazdır, onu quraşdırmağa bizə 20 min dollar investisiya lazımdır. Onlar da dedilər ki, bu elə də böyük məbləğ deyil, biz qarşılaya bilərik. Bir neçə investor bizə öz əlaqə kartlarını təqdim edib, əməkdaşlıq təklifində bulundular.
– İndi seçim edəcəksiniz?
– Bəli.
– Daha çox hansı ölkələrdən gəldi təklif?
– Hindistandan.
– Xahiş edirəm, bir az da bizim hamımızı fərəhləndirən o andan danış.
– Əslində bu Sammit mənim üçün qızıl açar idi. İvanka Tramp adımı çəkəndə çox qəribə hisslər keçirdim. Hazırda bunu sözlə ifadə edə bilmirəm.
– Biz hamımız o qürur hissini keçirdik, kövrəldik.
– Elə ilk andaca düşündüm ki, mən də ölkəm üçün bir addım atdım.
– Xüsusən də qadın sahibkarlara önəm verilən bu tədbirdə Azərbaycan qızının belə uğuru çox böyük nəticə idi.
– Çox gözəl oldu, bəli. Sonra isə İvanka Trampla 5 dəqiqəlik görüşümüz, isti söhbətimiz baş tutdu. Onunla şəkil də çəkdirdik.
– Reyhan, sənin bu layihən yağışlı ərazilər üçün əvəzsizdir. Bəs quraqlıq ərazilər üçün gələcəkdə bir ideyan var?
– Çox maraqlı sual verdiniz. Bəli, belə bir ideyamız var. Məsələn, Hindistanın özündə bir ərazi olduqca yağışlıdırsa, digər ərazi quraqlıqdır. Biz düşünürük ki, yağış suyu ilə enerji aldıqdan sonra bu suyu təmizləyib, içməli su kimi quraqlıq ərazilərə göndərək. Çünki bildiyiniz kimi Hindistan böyük sənaye ölkəsi deyil və yağış suyunun içərisində artıq maddələr yoxdur.
– Reyhan, sənin bu ixtiran xalqımız üçün qiymət qoyulmayacaq qədər dəyərlidir. Amma işin maddi tərəfi də var axı. Bu layihə üçün təqribi qiymət düşünmüsünüz?
– Bilirsiniz, bu hələ ideya layihəsidir. Tam biznesə çevirməmişik. Ona görə də əlimizdə tam dəqiq qiymətimiz yoxdur. Hələ yenicə gerçəkləşdirməyə qədəm qoyuruq. Yağışlı ölkələr üçün anketlər keçirməyə başlayacağıq. Filippin üçün də istəyirik anket hazırlayaq. Məktəbimizdə çalışan filippinli müəllimimə bu haqda deyəndə, o da çox sevindi. Odur ki, hər bir ölkə üçün ortaq qiymət hesablamağa çalışacağıq.
– Reyhan, bir sualım da var. Hazırda dünyanın hətta çox tanınmış alimləri kickstarter kimi saytlarda öz layihələrini paylaşırlar. Layihəni dəstəkləyən sponsor tapsalar, gerçəkləşdirə bilirlər. Ancaq sən 15 yaşında o qədər böyük uğura imza atdın ki, çoxları bunu ancaq xəyal edə bilərlər
(Zərif və utancaq səsi ilə təşəkkür edir)
– Bəs gələcəkdə yeni layihələrinlə belə mötəbər yarışlarda çıxış etməyi düşünürsənmi?
– Əlbəttə. Hazırda komandamızın əsas məqsədi “Rainergy”ni dünyanın ən məşhur enerji şirkətlərindən birinə çevirməkdir. Bundan sonra digər ixtiralar üzərində çalışacağıq.
– Bir şey də deyim ki, adətən çox savadlı yeniyetmələr ünsiyyətçil olmurlar. Sən həm çox biliklisən, həm gözəlsən, həm də enerji dolusan. Bunun sirri nədir? Motivasiya qaynağını bölüşə bilərsənmi?
– Çox sağ olun. Mən gücümü ailəmdən, valideynlərimdən alıram. Onlar hər zaman mənim yanımdadırlar. Dəstək olurlar mənə.
– Sənin kimi nümunəvi bir şagird öz yaşıdlarına nə tövsiyə edə bilər? Bəzən uşaqlar təhsildən, elmdən qaşırlar. Bəs onlar nə etsinlər ki, uğur qazansınlar?
– Mən inanıram ki, hər bir uşağın istedadı var. Sadəcə onu üzə çıxarmaq lazımdır. Hansı sahəyə maraq göstərirlərsə, o səmtdə də çalışsınlar. Bilirsiniz, mən bu lahyihə üzərinə işləyəndə çox adam inanmırdı. Əsas odur ki, öz inamımı qorudum. İnsan özü əməyinə inanmırsa, başqalarını da inandıra bilməz.
– Çox gözəl. Bəs ilk ixtiranı xatırlayısanmı?
– (Gülürük). Mən buna ixitira deməzdim. Önəmli bir ixtiram olmayıb. Sadəcə çox xəyalpərəst olmuşam, fantaziyam zəngin olub.
– Bu şöhrət sənin başını döndərməyəcək ki?
– Xeyr, xeyr. Öyrənməli olduğum o qədər şey var ki… Əsas bütün fikirlərimi dərslərimə yönəldib, məktəbi uğurla bitirmək istəyirəm. Sonra isə dünyanın ən nüfuzlu ali təhsil ocağı olan Toronto Universitetinə qəbul olmaq istəyim var.
– Ən böyük arzun nədir?
– Astrofizik olub, bu sahədə Nobel mükafatına layiq görülmək.
– Sənin Nobel alacağına mən inanıram.
– Çox sağ olun. Bunu Azərbaycan üçün etmək istəyirəm. Çünki ölkəmizdən hələ ki, Nobel alan alim olmayıb.
– Reyhan, sənə o qədər sualım var ki… Amma yorğunluğunu nəzərə alıb, söhbətimizi yekunlaşdırıram. Mənə zaman ayırdığın üçün çox sağ ol.
– Mən də sizə minnətdaram.
Leyla Sarabi