“Son vaxtlar əhali arasında mədə xəstəlikləri artıb. Hər 2-3 nəfərdən biri bundan şikayət edir. Bunun əsas səbəblərindən birincisi stress faktorudur. Gərgin iş, stress altında olmaq birbaşa mədədə turşuluğu artırır, mədə mukozasını zədələyərək, xəstəliklərin yaranmasına səbəb olur”.
Astarainfo.az lent.az-a istinadən xəbər verir ki, bunu terapevt-qastroenteroloq Mətanət Cəfərova deyib. Həkim bildirib ki, mədə xəstəliklərinin yaranmasına səbəb olan ikinci faktor rejimsiz və keyfiyyətsiz qidalanmaqdır: “Yəni gün ərzində 2-3 dəfə və yeməklər arasında böyük fasilələr verməklə qidalnmaqdan söhbət gedir. Normal halda mədə turşuluğu hər 2-3 saatdan bir pik nöqtəyə çatır. Bu o deməkdir ki, hər 2-3 saatdan bir qida qəbul etməliyik. Bu da 3 əsas, 2 ara yeməyə bərabərdir. Çox təəssüf ki, insanların çoxu buna əməl etmir və cəmi iki dəfə qidalanırlar ki, bu da yemək arasındakı fasiləni uzadır. Nəticədə mədə turşuluğu yüksəlir, hətta turşu geriyə qida borusuna qayıdaraq reflüksün yaranmasına gətirib çıxarır”.
M.Cəfərovanın sözlərinə görə, üçüncü səbəb lazım olmadığı halda və həkim təyinatı olmadan dərman qəbul etməkdir. Bu dərmanlar mədənin qoruyucu təbəqəsinə zərərə verir: “Bəzən hətta acqarına belə ağrıkəsici dərman qəbul edirlər ki, bu da mədəni zədələyir. Nəticədə erroziya, hətta xoranın yaranmasına səbəb ola bilir. İnfeksion, autoimmun, öd problemi də mədə xəstəliklərinə səbəb olur”.
Terapevt bildirir ki, mədə ağrıları müxtəlif ola bilir: “Ağrı mədənin girəcəyindədirsə, qida qəbul olunandan 30-40 dəqiqə sonra ağrı yaranır. Bəzən isə olur ki, qida qəbulundan saatlar sonra, hətta qida qəbul etmədikdə də baş verir. Gecə ağrıları isə daha çox onikibarmaq bağırsaq xorası üçün spesifikdir. Cavan yaşlarda hər mədəsi ağrıyan xəstədən qorxmuruq. Burada risk faktorları göz önünə gətirilir. Bunlar isə deyək ki, xəstədə köp, ürəkbulanma, qıcqırma var və yanaşı olaraq onda qanazlığı var. Yaxud valideynlərinin birində mədə xərçəngi olub. Bu zaman xəstənin özündə də şikayətlər varsa, o mütləq qastoskapiya olunmalıdır. Ümumi götürəndə 40 yaşından sonra kişilər, qadınlar isə 50 yaşdan sonra mütləq bir dəfə qastoskapiya olmalıdır”.
Qastrenteroloq son zamanlar arıqlamaq üçün dəb halı alan mədə kiçiltmə əməliyyatları haqqında da danışıb. O, bu əməliyyatı hər kök xanıma və kişiyə məsləhət görmür: “Bütün dünyada yalnız mədə kiçiltmə əməliyyatı ağır piylənmə zamanı məsləhət görülür. Yəni artıq 4-cü dərəcəli piylənmədir və insanın həyatı üçün təhlükə var. Amma 20-30 kilo artıq çəkiyə görə əməliyyat etdirmək məsləhət deyil. Çünki gələcəkdə bunun öz fəsadları olacaq. Hətta mədə xərçənginin yaranma risklərinin içərisində mədə kiçiltmə əməliyyatı olunmuş xəstələr birinci sıradadır”.
Mütəxəssis qida qəbulu zamanı edilən yanlışları sadalayıb: “Ən böyük səhv odur ki, birdən-birə çox yemək yeyib, mədəni doldururlar. Bundan başqa biz millət olaraq yeməkdən dərhal sonra çay içməyə meylliyik. Bu isə yolverilməz haldır. Çayın tərkibindəki tanin həzmsizlik yaradır. Çay qida qəbulundan minimum 2 saat sonra içilməlidir. Təəssüf ki, biz adətən axşam işdən qayıdandan sonra çox yeyirik. Üstündən də maye qəbul edib, divanda uzanırıq.
Dolmuş mədə diafraqmal pərdəyə təzyiq göstərir və yırtıq yaranır. Bu da gəyirmə və qıcqırmaların daha çox artmasına səbəb olur. Sonda qida borusunun xərçəngi ilə nəticələnə bilir. Bir də yuxu rejimi çox önəmlidir. İnsanların çoxu az yatır. Oyaq qaldığımız müddətdə mədə turşuluğu işləyir. Ən yaxşısı axşam 10-dan səhər 6-ya kimi yatmaqdır”.
M.Cəfərova məsləhət görür ki, doymadan süfrədən qalxmağı bir vərdiş halına gətirmək lazımdır: “O vərdişi sadəcə qazanmaq lazımdır. İlk öncə yemək boşqabının ölçüsünü kiçildin, daha sonra xörəyin miqdarını. Az və tez-tez qidalanmaq lazımdır. İnsan niyə birdən-birə çox yemək istəyir? Çünki mədə turşuluğu pik həddə çatır və insan çox acmış formada süfrə arxasına oturur, nəticədə çox yemək yeyir. Amma çox acmadan, 3-4 saatdan bir az-az qidalansaq inanın ki, birdən-birə çox yeməyə ehtiyac olmayacaq. Bir də su qəbulu çox önəmlidir. Bəzən acmaqla susamaq hissini qarışdırırıq. Yeməkdən yarım sat əvvəl su içmək önəmlidir. Bu, aclıq hissini də xeyli azaldır”.
Həkim indiyə qədər mədə ağrısı ilə rastlaşmadığını etiraf edib: “Bu vaxta qədər mədə ağrısı nədir bilmirəm. Dediyim məsləhətlərə özüm mütləq əməl edirəm. Həm qidalanmaya, həm su içməyə fikir verirəm. Biz 5 dəfə yeyin deyəndə elə bilirlər ki, hər dəfə məhz xörək yeyilməlidir. Xeyr, elə deyil. Məsələn, mən əsas yeməklər arasında çərəzlər, ya bir banan, alma, ya da taxta peçenye yeyirəm. Bunlar mədə turşusunu neytral saxlayır və gələcəkdə mədə problemlərindən qoruyur”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...