Bir uşaq qışda 5-6 dəfə tənəffüs yolu xəstəlikləri, boğaz, sətəlcəm, asqırma, öskürmə, qızdırma xəstəlikləri keçirirsə, bu, normaldır. Əgər uşağın inkişafında, keçirdiyi xəstəlikdə qeyri-adi bir dəyişiklik yoxdursa, o zaman tez-tez xəstələnməsi ciddi problem deyil.

Bu sözləri Axar.az-a pediatr Altay Abdullaoğlu qış fəsli ilə əlaqədar uşaqların tez-tez xəstələnməsinə münasibət bildirərkən deyib. Həkimin sözlərinə görə, uşaqları bu xəstəliklərdən qorumaq xəstəliyi müalicə etməkdən daha asandır:

“Çalışmaq lazımdır ki, uşaqlar xəstəliyə yoluxmadan öncə qorunsun. Təbii ki, qorunmaq dedikdə uşağı qalın geydirib, qapı-pəncərəni bağlayıb evə həbs etməyi nəzərdə tutmuruq. Xəstə ailə üzvlərini digər yoluxmamış fərdlərdən uzaq tutmaq lazımdır”.

Həkim bildirib ki, uşaqları hansısa dərman vasitəsilə bu cür xəstəliklərdən uzaq tutmaq fikri yanlışdır:

“İstifadə olunan bəzi preparatlar var ki, onun da isbat olunması yüksək dərəcədə deyil. Ona görə də biz adətən bu dərmanları tövsiyə etmirik. Bu tip xəstəliklər əsasən hava damlacıq yolu ilə keçir. Bəzən valideynlər deyir ki, mən uşağa heç yaxınlaşmamışam. Xəstə olan evdə viruslar, mikroblar asqırma və öskürmə vasitəsilə digər otaqlarda olan sağlam insanlara, uşaqlara gedib çatır və onların tənəffüs yollarına düşərək xəstəlik yarada bilir. Virusları öldürə bilmirik, ancaq qapı-pəncərələri açıb, otağın havasını tez-tez dəyişməklə, yaxud da xəstənin olduğu otağın qapısını bağlamaqla hava təmasını kəsə bilərik”.
A.Abdullaoğlu qeyd edib ki, təbii şəkildə immuniteti qaldırmaq mümkündür:
“Uşaqlarımızın yuxu rejiminə diqqət etməliyik. Onlara mümkün qədər mövsüm meyvə-tərəvəzləri yedirməli, bol miqdarda maye qəbul etdirməliyik. Bunlardan istifadə edərək, uşağın immunitetini təbii şəkildə gücləndirə bilərik”.