Azərbaycan Beynəlxalq Hərbi Tibb Komitəsinin tam hüquqlu üzvü seçilib

Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilən Beynəlxalq Hərbi Tibb Komitəsinin 42-ci Ümümdünya Konqresində Azərbaycan Respublikası bu komitənin tam hüquqlu üzvü seçilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev isə Beynəlxalq Hərbi Tibb Komitəsində Azərbaycan Respublikasının Milli nümayəndəliyinin rəhbəri təyin edilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə və Böyük Britaniyadan olan həmkarları ilə görüşləri keçirilib. Tərəflər bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 1921-ci ildə Belçika Krallığında yaradılan Beynəlxalq Hərbi Tibb Komitəsi Cenevrə Konvensiyalarının prinsiplərini daha dolğun yerinə yetirmək və hərbi təbabət sahəsində elmi məlumat mübadiləsini təmin etmək məqsədilə təsis edilib.
Hazırda 112 dövlətin üzv olduğu Beynəlxalq Hərbi Tibb Komitəsinin əsas vəzifəsi hərbi tibb sahəsində texnoloji və elmi təcrübə mübadilələrini təşviq etməkdir.