Haqq dünyasına qovuşan bütün analara.

Bu gün həmişəki adətimə xilaf çıxdım, vikipiediyaya baxmadım. Bu tarixdə baş verənlərin heç biri  sənin itkin qədər önəmli olmadığına görə. Bu gün xatirə günündür, əziz ana!. 10 ildir ki, dekabrın bu günü “qara rəng”ə boyanıb gözümdə. Deyirlər ki, torpaq hər yanğını soyudur, zaman hər şeyi unutdurur. Yalanmış demə..! Yaşımın üstünə yaş gəldikcə, ölüm günün bizdən uzaqlaşdıqca, daha yaxın olursan mənə, daha çox ehtiyac duyuram sənə. Həyatın eniş- yoxuşuna, bərkinə-boşuna düşdükcə çəkdiyin zəhmətin ağırlığını daha çox  hiss edirəm.

Sənin analıq yükün hər mənada çətin idi. Sovxozda briqadir, sonra isə baş aqronom olduğuna görə sühb tezdən çıxıb gecə evə dönərdin. O vaxt nə qədər iclas olardı, ilahi! Hər gün iş bitdikdən sonra idarədə iclasa qaçardın. Sovet hökuməti dağılanda ailəlikcə bu iclasların bitməyinə nə qədər  sevindik ki, üzünü doyunca görəcəyik. Sənin yükün tək iş olsaydı, nə vardı ki? Böyük bir ailənin məişət yükünü də daşıyırdın. Biş-düşür, yumaq, təmizləmək, az-qala hər gün təndirdə çörək bişirmək. Bu qədər məişət qayğısının öhdəsindən tək  necə gələ bilirdin–mat qalmışam. İndi  işimizi rahatlaşdıracaq nə qədər məişət əşyaları var, amma yenə tarazlaşdıra bilmirəm işlə-ailə yükünü.

…Belinə ən ağır şələni isə cənub mentaleti yükləmişdi. Təhsilin, vəzifən, orden-medalların, 4 sağlam qız övladın vardı, amma dilin qısa idi çoxlarının yanında-oğlun yox idi!. Baxmayaraq ki, fizika-riyaziyyat müəllimi olan zəhmli atam bir dəfə də olsun xətrinə dəyəcək bir söz söyləməmişdi, hər halda, biz eşitməmişdik. Amma qonşu, qohum arvadlarının yanında, kimsə oğluna nişan aparıb, gəlin gətirəndə gizli dərd çəkdiyin üzündən oxunurdu-min əziyyətlə qurduğun yuvanın işıqsız qalacağından qorxurdun. Qorxduğun oldu, ocağın indi boş qalıb ana. Sənin, atamızın doğum-xatirə günlərində qapını açmağa ancaq vaxt tapır özgə çırağını yandıran qızların. İnsan hənirinə tamarzı qalıb o həyət, o ocaq, o ağaclar. 9 il sərasər o həyətdə keşik çəkən itimiz də yoxa çıxıb, orucluq bayramında ocağımıza baş çəkəndə görmədim onu. Həyətimizə göz olan qonşu gəlin” 1-2 aydır yoxdur, harasa gedib” dedi. Yəqin bir daha geri dönməyəcəyin damıb ürəyinə.

Möhkəm qadın idin. Atamız xərçəngə tutulduğunu bilincə nişan üzüyünə qədər satıb müalicə üçün Moskvaya göndərdin. Dərdinə çarə olmayanda sınmadın, evə gələndə ayaqlarının altında qurban kəsdin, şükür yaxşısan–dedin. Ümidini qırmaq istəmədin. Halbuki həkimlər ömrünə sayılı günlər qaldığını demişdilər. Son saniyəsinə qədər yastığının başında dayanıb ümidin oldun, köməyin oldun, qulluğunda durdun. Mən həyat yoldaşının nə demək olduğunu onda gördüm. Atasızlığın ağrısını yaşatmadın bizə. 4 qızını oxutdurub qırmızı duvaqla çıxartdın ata ocağından. Əllərimiz xınalı olanda, şad günümüzdə də ürəyin gəlmədi saçına xına qoymağa. Ərinin xatirəsindən ayıb bildin. Atalı-analı xatirələrimiz, qayğısız uşaqlığımız, gəncliyimiz qalıb o ocaqda.  Qabarlı əllərinin toxunduğu hər şeyi ata ocağında olduğu kimi saxlamışıq, dəyməmişik. Çünki heç xoşun gəlmirdi kimsə səliqəni poza, götürdüyünü yerinə qoymaya.

… Amansız xəstəlik elə bil boyunuza biçilmişdi. Hər ikinizi erkən bizdən aldı, apardı. Düz 10 ildir dünya əvvəlki yorğa yerişi ilə zaman atını çapır-sənsiz. Sənsizliyinin havasında yaşaya–yaşaya özüm nənə oldum, amma, ana, boşluğunu heç nə doldura bilmədi!

Tək bircə Allah yazığım gəlir,

Deyirlər Allahın anası yoxdur!

Göz yaşlarım ruhunu islatdısa, bağışla məni…ana.

Esmira İsmayılova-Lənkəran

Astarainfo.az