İran Xəzər dənizindəki donanmasının döyüş tərkibinə ölkədə istehsal olunmuş “Sipər” yeni raket gəmisi daxil edib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bəndər-Ənzəli limanında keçirilmiş təntənəli təhvil vermə mərasimində İranın müdafiə naziri Əmir Hatəmi iştirak edib. O çıxışında  yeni gəminin bölgədə təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
“Sipər” raket gəmisi kommunikasiya təchizatı və silah kompleksi nöqteyi nəzərdən ən müasir gəmilərdən biridir”, – deyə  Şimal Donanmasının komandanı Əhməd Rza Bakeri bildirib.
Onun sözlərinə görə, gəmi 2,5 il ərzində inşa edilib və dünyanın digər müasir gəmiləri rəqabət aparmaq iqtidarındadır. Əhməd Rza Bakeri gəminin  üstünlüklərinə toxunaraq, onun yüksək manevrlik və sürətə malik olduğunu, “yer-yer” tipli raketlərlə və havadan müdafiə vasitələri ilə təchiz olunduğunu qeyd edib.