ABŞ prezidenti Donald Tramp bu gün Yerusəlimin (Qüds-red.) İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bəyan edib.
“Prezident dekabrın 6-da ABŞ-ın Yerusəlimin İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcək”, – deyə administrasiya nümayəndəsi təşkil olunmuş xüsusi brifinqdə bildirib.
Onun sözlərinə görə, Tramp həmçinin ABŞ-ın İsraildəki səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürüləcəyini bəyan edəcək.
“Bu həm tarixi, həm də müasir reallığın tanınması deməkdir. Bu dinc nizamlanmaya dair danışıqlar prosesinin hər hansı aspektlərinə və sərhəd məsələsinə toxunmur. D.Tramp qərarını Yaxın Şərq ölkələrin rəhbərləri ilə müzakirə edib. Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə məşğul olan xarici ölkə liderləri D.Trampa dəstək verib”, – deyə o bildirib.
Ağ Ev nümayəndəsi qeyd edib, Yerusəlimə dair qərar heç də ABŞ-ın İsrail sərhədləri ilə bağlı siyasətini dəyişmir: “Məbəd dağı məsələsində prezident bir daha status-kvonun qorunmasının vacibliyini qeyd edib. Tramp Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsində nikbindir”.
D.Trampın müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi bildirir.
Qeyd edək ki, ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.