Ötən gecə Sumqayıt yaxınlığında 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Astarainfo.az- Lent.az-a istinadən məlumata görə, Quba rayon sakini, 1979-cu il təvəllüdlü Novruzov Azad Novruz oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin çırpıldığı “KamAZ”ın hadisədən bir qədər əvvəl yola çıxmış inəyi vurduğu məlum olub. Belə ki, Yasamal rayon sakini Xanəhmədov Əsgər Yavər oğlu yük maşını ilə magistrala çıxmış inəyi vurub və iribuynuzlu heyvan ölüb. Bunu görən sürücü yük maşınını yolun sağ kənar zolağında saxlayaraq düşüb. Bu zaman Azad Novruzovun idarə etdiyi “Mercedes” markalı, 10 TN 757 nömrə nişanlı avtomobil yük maşınına çırpılıb.
Hadisə nəticəsində sürücü ilə yanaşı sərnişinləri: 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu və 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu hadisə yerində ölüb. Quba şəhər sakini olan 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə açıq kəllə beyin travması alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.