Dekabrın 9-da Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans Səhiyyə Nazirliyinin dəstəyilə Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən təşkil olunub.
Astarainfo.az Modern.az-a istinadən xəbər verir ki, konfransa sədrlik edən, millət vəkili Dr. Rəşad Mahmudov dövlətimiz tərəfindən son illər Azərbaycan səhiyyəsinə diqqətin artırılması nəticəsində bir sıra uğurlara nail olunduğunu bildirib.
“Vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlər əhalinin yaşam keyfiyyətinin artırılmasına ciddi təsirini göstərib. Həmçinin səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin dövrümüzün tələblərinə uyğunlaşdırılması bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib”.
Konfransda invaziv radioloq, ürək-damar cərrahı, döş qəfəsi cərrahı-uzmanı və neyrocərrahın məruzələri dinlənilib. Yerli səhiyyə ocaqlarının həkimlərinin iştirak etdiyi konfrans təqdimatlar ətrafında müzakirələr aparılması ilə yekunlaşıb.
Qeyd edək ki, mütəmadi olaraq keçirilən elmi-praktik konfransların təşkilində məqsəd tibb ictimaiyyətini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərinin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.