Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarının arxasında amerikalı məşhur qumarxanalar şəbəkəsinin sahibi olan Şeldon Adelsonun dayandığı iddia edilir.
Bu iddia ilə dünən ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.
Nəşrin yazdığına görə, Tramp prezident seçkisi kampaniyası zamanı yəhudi lobbisinin liderlərinə Qüdsün İsrailin paytaxtı kimi tanıyacağına söz verib. “Nyu-York Tayms” Şeldon Adelsonun Trampdan belə bir vəd aldığını və bu vədi Amerika Sionist Təşkilatının prezidenti Morton Kleinə çatdırdığını yazıb.
Lakin Trampa cəsarət verənlər yalnız yəhudi lobbisi olmayıb. Yəhudi lobbisi ilə yanaşı, ölkədəki evanqelist xristian qruplarının da Qüds məsələsi ilə bağlı Trampa təzyiq göstərdiyi bildirilir.
Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazdığına görə, evanqelist xristianların Qüdsün İsrailin paytaxtı kimi tanınmasının kökündə siyasi motivlərdən daha çox dini inanclar dayanır. Evanqelist xristianların inancına görə, qiyamət Qüdsdə Süleyman Məbədinin yenidən inşa edilməsi ilə meydana çıxan qarşıdurmalar nəticəsində başlayacaq bir müharibə ilə qopacaq. Evanqelist xristianlar bunun üçün Qüdsün İsrailin hakimiyyəti altında olmasının vacibliyinə inanırlar.
Öndə gələn evanqelistlərdən olan vitse-prezident Maykl Pensin də Qüdslə bağlı qərarın açıqlanması zamanı Trampın yanında olması, prezidentin radikal xristian qrupa “sizin məqsədləriniz üçün çalışıram” mesajı kimi qiymətləndirilir. Evanqelistlərin Ağ Evdə dua seansları təşkil etdiyi bildirilir.
Vitse-prezidentin Trampın qərarından sonra Yaxın Şərq turnesinə çıxması da evanqelistlərlə Qüds arasındakı əlaqəyə söykənir. 17-19 dekabr tarixlərində İsrailə səfəri planlaşdırılan Maykl Pensin Qüdsdə də görüşlər keçirməsi nəzərdə tutulur. Onun Qüdsdə verəcəyi mesajlar Tramp üçün seçicilər qarşısında “qəhrəman” obrazı qazandıra bilər.
İddiaya görə, Trampın Qüdsə olan marağının kökündə evanqelist xristianların onun seçici bazasının əsasını təşkil etməsi dayanır. Bu qrupun sayı az olsa da, proseslərə təsir gücü və Trampa dəstəyi ilə fərqlənirlər. Tramp isə bu dəstəyi itirmək istəmir.
Sorğulara görə, 2016-cı il prezident seçkilərində evanqelist xristianların 81 faizi Trampa səs verib./publika.az/ xezerxeber.az