Azərbaycanın ABŞ-dakı Səfirliyində Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
 Tədbirə ABŞ ictimaiyyətinin nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz və Səfirliyin əməkdaşları ilə yanaşı Xocalı faciəsinə həsr olunmuş “Sülh laylayı” (The Lulluby of Peace) adlı musiqi əsərinin hazırlanmasında  iştirak etmiş Vaşinqton Beynəlxalq Piano Sənəti Şurasının çoxsaylı nümayəndələri qatılıblar.
Səfir Elin Süleymanov ümummilli liderin Azərbaycanın inkişafı və xalqımızın rifahında rolu, göstərdiyi xidmətlərindən bəhs edib. Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri olan Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olunduğu bildirilib. Onun qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycanın irimiqyaslı tarixi layihələrə imza atdığı vurğulanıb.
Heydər Əliyevin anım günü çərçivəsində ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Merilend Qida Bankının Prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smitlə Səfirlikdə keçirilən görüş zamanı Elin Süleymanov Heydər Əliyevin bir neçə dəfə Merilend ştatına səfər etməsindən bəhs edib və dahi liderin sayəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişaf edərək strateji önəm almasını vurğulayıb. Səfir ümummilli liderin siyasətini davam etdirən Azərbaycan rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşması, həmçinin yoxsulluq səviyyəsinin kəskin dərəcədə azalmasından danışıb.
K. Qersio Heydər Əliyevin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının artıq çox gözəl ənənəyə çevrildiyini deyib.apa