Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Masallı məktəbliləri arasında Yaşıl Düşüncə düşərgəsinin təşkili” layihəsi Astara rayonu Hirkan Milli Parkının ərazisində ”Hirkan Ekoturizm” istirahət mərkəzində  təşkil edilmişdir.
Layihə iki günlük olmaqla yanaşı, öncədən seçilmiş 25 nəfər Masallı   məktəblilərini əhatə etmişdir. Təlimdə Masallı rayon Təhsil  şöbəsinin nümayəndəsi Gülağa Məmmədov da iştirak etmişdir.
Bu barədə astarainfo.az-a  məlumat verən layihə rəhəri Nəsimi Bədəlov bildirmişdir ki, “Ətraf mühiti qorumaq üçün maarifləndirmə, yaşıl düşüncənin təbliği, yaşıllıqların salınması və s. yönümlü tədbirlərin təşkili vacibdir. Təsadüfi deyil ki, Təhsil Nazirliyi məktəblilərin məktəbdənkənar fəaliyyətinin səmərəli olması üçün qrant müsabiqələr təşkil edir. Layihə məktəblilər tərəfindən bəyənilmiş və davamlı icrası təklif olunmuşdur”.
Təlim beynəlxalq dərəcəli təlimçi Rafət Şirəliyev tərəfindən idarə olunmuşdur. Təlimdə iştirakçılara “Ətraf mühit, onun tərkib hissələri, maraqlı faktlar, yaşıl düşüncə, ətraf mühitdə könüllülük, yaşıl düşüncənin təbliği istiqamətində məktəblilərin fərdi inkişafı, ekoloji sivilizasiyanın komponentləri” mövzusunda məlumatlar verilmişdir. Bundan başqa məktəblilərlə qrup işləri və buzqıran oyunlar da aparılmışdır.
 Daha sonra məktəblilər Astaraçay MMC-nin çay plantasiyalrına səfər etmiş və Yaşıl təcrübə ilə əyani şəkildə tanış olmuşlar. Təlimin sonunda məktəblilərə sertifikatlar təqdim olunmuş və  xatirə şəkili şəkil çəkilmişdir.
 Astarainfo.az