Əsəb sakitləşdirici antidepressant dərmanlardan uzun müddət istifadə etdikdə narkotik effekti yaradır və dozasına diqqət etmədikdə ciddi zəhərlənmələrə yol açır.
 Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutundan verilən açıqlamaya görə, bu qrupdan olan dərmanlar psixotrop dərmanlara aiddir və reseptsiz, həkim nəzarəti olmadan istifadə edildiyi zaman insan səhhətində ciddi problemlərə səbəb ola bilir. Antidepresant dərmanların 2-3 aya qədər uzun müddətə istifadə edilməsi qətiyyən tövsiyə olunmur.
Bakı Şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirir ki, il ərzində baş verən dərman zəhərlənmələrində antidepresantlardan zəhərlənmələr kifayət qədər böyük rəqəmə sahibdir.
Azər Maqsudovun sözlərinə görə, xüsusilə bu dərmanlardan zəhərlənmələr insanların həkimə müraciət etmədən, dostlarının və ya yaxınlarının məsləhəti əsasında istifadə zamanı baş verir. Buna görə vətəndaşların bu məsələdə diqqətli olmaları məsləhət görülür.
Qeyd edək ki, antidepressant dərmanlar insanlarda yaranan stressi, gərginliyi aradan qaldırmaq üçün həkimin müayinəsi əsasında tövsiyə olunur. Ancaq bir çox hallarda bu dərmanları insanlar müayinə olunmadan bir-birinə tövsiyə edir və ya apteklərdə çalışanlar istifadə üçün öz yaxınlarına verirlər. Bu isə arzuolunmaz nəticələrə-zəhərlənmələrə səbəb olur.
Səhiyyə Nazirliyi xüsusilə Tazepam, Fenozepan, Nozepan, Amitriptilin kimi əsəb sakitləşdirici dərmanların yalnız resept əsasında satılmalı olduğuna diqqət çəkir.
Əks halda onlardan istifadə böyük fəsadlara səbəb ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:Xezerxeber.az