Tibdə şok adı altında – orqanizmdəki orqan və toxumalarda qan dövranının kəskin şəkildə pozulması prosesi anlaşılır.
Müvafiq tibbi tədbirlərin görülməsi ilə şokun inkişaf etməsinin qarşısı alınmazsa, xəstə 5-30 dəqiqə ərzində boğulmadan və ya 24-48 və daha artıq saat ərzində müxtəlif orqanlarda baş verən ağır geriyədönməz dəyişikliklər nəticəsində həlak ola bilər.
Şok travmalar nəticəsində güclü qanaxmalar, yanıqlar zamanı qan plazmasının itirilməsi və ya orqanizmin susuzlaşması (çoxsaylı qusma, ishal), cərrahi əməliyyatdan sonra yaraya təhlükəli mikrobların düşməsi nəticəsində və ya orqanizmin özündə iri irin ocağının yaranması zamanı, məsələn, peritonit, yenidoğulmuşlarda göbək yarasının irinlənməsi və s. (septik şok), həmçinin güclü allergenin orqanizmə düşməsinə orqanizm tərəfindən verilən reaksiyası (anafilaktik şok) nəticəsində baş verir.
Güclü qanaxma və yanıq zamanı yaranan şokun (travmatik şok) ilkin əlamətlərini insanın davranışında olan dəyişikliklərlə müəyyən etmək olar. O, birdən-birə həyəcanlanır: vurnuxmağa başlayır, hara isə qaçmağa can atır və ya əksinə olaraq, əzgin, yuxulu, ətrafdakılara qarşı laqeyd olur. Bu zaman dəri avazımış, soyuq və nəm olur, dodaqları və dırnaqları göyərir, tənəffüsü səthi və tezləşmiş olur. Şokun sonrakı inkişafı zamanı zərərçəkəndə təngnəfəslik yaranır, nəbz tezləşir, arterial təzyiq kəskin şəkildə aşağı enir, o, huşunu itirir. Bu haldan sonra zərərçəkənə tibbi yardım göstərilməzsə (ən effektiv olanı – vena daxilinə qan əvəzedicilərinin köçürülməsidir), onun ürəyi dayanır və aqoniya (canvermə) baş verir.
Ona görə də güclü qanaxma zamanı şokun profilaktikası üçün tez bir zamanda qanaxmanı saxlamaq (bax, “Qanaxma zamanı ilk tibbi yardım”), zərərçəkənin üstünü ədyalla örtmək, isti maye və ağrıkəsici dərman verib dərhal tibb müəssisəsinə çatdırmaq lazımdır.
Çoxsaylı qusma və ishal nəticəsində orqanizmdə baş verən susuzlaşmadan yarana bilən şokun qarşısını almaq üçün vaxtında müvafiq tədbirlər görmək lazımdır (bax, “İshal və qusma zamanı ilk yardım”). Ağır vəziyyətlərdə dərhal “təcili yardım” çağırmaq və ya mümkün qədər tez bir zamanda xəstəni xəstəxanaya aparmaq tələb olunur.
Sahəsi geniş olan yanıqlar zamanı zərərçəkəndə şokun baş verməsinin profilaktikası üçün onu təmiz döşəkağına bürüyüb üstünü isti bir şeylə örtmək, ona isti maye içirtmək, yaşına uyğun dozada antihistamin və ağrıkəsici dərmanlar vermək və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Septik şokun profilaktikası – cərrahi əməliyyatdan sonrakı yaraların düzgün və diqqətlə işlənməsi və antibiotiklərin düzgün təyin edilməsi yenidoğulmuşlarda uşağın dərisinə və göbək yarasına düzgün qulluq edilməsindən ibarətdir.
Anafilaktik şok – şokun ən ağır formalarından biridir. Anafilaktik şok çox qısa bir müddət ərzində inkişaf edir. Onun əsas səbəbi orqanizmə inyeksiya (iynə) ilə dərman preparatının yeridilməsidir. Bilmək lazımdır ki, bir çox dərman preparatları (antibiotiklər, vitaminlər, vaksinlər, anestetiklər və s.) insanlarda (xüsusən də söhbət uşaqlardan getdikdə!) anafilaktik şokun yaranmasına səbəb ola bilərlər. Çox nadir hallarda müxtəlif qidalar (balıq, inək südü, yumurta, xardal, qoz və s.) və ya həşəratların sancması da anafilaktik şok törədə bilər. Anafilaktik şokun yarana bilməsini qabaqcadan bilmək hələ ki, çox çətindir.
Anafilaktik şok – dərman maddəsinin orqanizmə yeridilməsindən bir neçə dəqiqə sonra, venadaxili yeridilməsi zamanı isə – hətta preparatın yeridildiyi anda da inkişaf edir. Bu zaman yeridilən dərmanın dozası böyük rol oynamır. Belə ki, bəzən ən kiçik miqdarda allergenin olması da ağır anafilaktik şokun inkişaf etməsi üçün kifayət edir.
Anafilaktik şokun başlanmasının ilk əlamətləri: narahatçılıq, qorxu hissiyyatı, zəiflik, baş ağrısı, dodaqların və sifətin keyləşməsi, başgicəllənmə, qulaqlarda küy, gözlərin qabağının qaralması, soyuq tər, ürəkbulanması, təngnəfəslik, boğazda, sinədə sıxılma və təzyiq hissiyyatı (bronxların spazmı və ya qırtlağın allergik ödemi), arterial təzyiqin enməsi, bəzi hallarda zərərçəkənin dərisində səpgilər, bədəndə ödemlər (şişkinlik), qusma, qarında ağrı, qeyri-ixtiyari sidik və nəcis ifraz edilməsi. Daha sonra lazım olan tədbirlər görülmədiyi halda qıcolmalar, huşun itirilməsi, ürək fəaliyyətinin və tənəffüsün dayanması inkişaf edə bilər. Belə xəstələrə vaxtında lazım olan tibbi yardım göstərilməzsə, tənəffüs və urək dayanması nəticəsində ölüm də baş verə bilər.
Anafilaktik şokun ilkin əlamətləri meydana çıxan kimi, dərhal “təcili yardım” çağırın! Özünüz isə ilk tibbi yardım göstərməyə başlayın. Bu halda xəstənin sağlamlığı və həyatı bilavasitə sizin tez və düzgün hərəkət etmənizdən asılı olur:
1. Əgər şok dərman preparatının yeridilməsi nəticəsində baş verərsə, həmin dərmanın yeridilməsini dərhal saxlayın, imkan olduğu halda dərmanın qan damarları vasitəsi ilə yayılmasının qarşısını almaq üçün iynə vurulan yerdən yuxarıda jqut (arteriyaları sıxmadan), iynə vurulan yerə isə buz qoymaq lazımdır.
Əgər şokun yaranmasının səbəbi həşəratın sancması olarsa, tez bir zamanda yaradan onun iynəsini çıxarın, yaranı sıxaraq oradan qan və zəhərin xaric olmasına çalışın, sancma yerinə buz və ya soyuq kompres qoyun.
2. Sonra bədəni sıxan paltarları boşaldın, zərərçəkəni başının altına yastıq qoymadan (başa qan axınını artırmaq üçün), ayaqları bir qədər yuxarı, başı isə yana olmaqla (qusma başladığı halda qusuntu kütlələri ilə boğulmamaq üçün) yatağa uzadın. Əgər zərərçəkən təngnəfəslik hiss edərsə, ona yarıoturaq vəziyyət verin.
3. Xəstənin üstünü isti örtmək, qan dövranını yaxşılaşdırmaq üçün ayaqlarına içərisində isti su olan rezin qovuq (qrelka) qoymaq lazımdır. Mütləq otağa təmiz hava daxil olmasını təmin edin (pəncərəni, nəfəsliyi açın). Vahiməyə düşməyin, zərərçəkəni də sakitləşdirməyə çalışın – həyəcanlanma allergik reaksiyanı yalnız gücləndirə bilər!
4. Bundan dərhal sonra əgər zərərçəkənin huşu özündədirsə, ona antihistamin preparatı vermək lazımdır:
– suprastin, taveqil: 1 yaşınadək olan uşaqlara 1/4 həb; 3 yaşınadək 1/3 həb; 7 yaşınadək 1/2 həb; 10 yaşından yuxarı və böyüklərə isə 1 həb;
– klaritin sirop və ya həb şəklində: 2 yaşından 12 yaşınadək olan uşaqlara gündə 1 dəfə olmaqla 1/2 həb və ya 5 ml (1 çay qaşığı) sirop; 12 yaşından yuxarı və böyüklərə isə gündə 1 dəfə olmaqla 1 həb və ya 10 ml (2 çay qaşığı) sirop.
Əgər xəstənin vəziyyəti tez bir zamanda ağırlaşarsa (təngnəfəslik, qıcolmalar, huşun itirilməsi və s.), ona əzələ daxilinə suprastin, taveqil və ya dimedrol iynəsi vurun (inyeksiyanın vurulması haqqında 65-ci səhifədə oxuyun). Böyüklərə dərmanın 1 ampulası vurulur. Uşaqlara yaşından asılı olaraq:
1 ay -1 yaşına qədər olan uşaqlara – ampulanın 1/4 hissəsi,
1 yaşından – 6 yaşına qədər olan uşaqlara – ampulanın 1/2 hissəsi,
6 yaşından 14 yaşına qədər olan uşaqlara – ampulanın 1/2 hissəsi – 1 ampula vurulur.
5. Əgər şok nəticəsində tənəffüsün dayanması baş veribsə, dərhal xəstəyə süni tənəffüs verməyə başlayın; ürək dayanması baş verdikdə isə ürəyin qapalı masajını icra edin (bax, “Ürəyin xarici masajı”).
Hətta siz anafilaktik şokun qarşısını özünüz alsanız da, zərərçəkən təcili halda həkim tərəfindən müayinə olunmalı, lazım gələrsə xəstəxanaya yerləşdirilməlidir. Belə ki, bir çox hallarda orqanizm üçün şokun fəsadları çox ağır ola bilər.
Əgər şok yox, allergiya baş veribsə (məsələn, bədənin hər hansı bir yerində birdən birə səpgi və ya şişkinlik yaranıbsa), xəstənin sağlamlığı üçün təhlükə xeyli dərəcədə az olur. Əgər allergiyaya qarşı dərman preparatları qəbul etdikdən sonra (məsələn, klaritin, suprastin və s.) allergiya əlamətləri azalmağa başlayarsa, “təcili yardım” çağırmamaq olar. Ancaq bu zaman, hər ehtimala qarşı həkimə müraciət etmək lazımdır.Saglamolun.az