Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfəri davam edir.
Astarainfo.az-ın APA-ya istinadən xəbərinə görə, dekabrın 14-də media təmsilçiləri Türkiyənin məşhur media qurumlarında görüşlər keçiriblər.
“Turkuvaz” Media Qrupuna gələn nümayəndə heyətinə media qrupun mövcud durumu, tətbiq etdiyi texnologiyalar barədə məlumat verilib. Daha sonra görüş ingilisdilli “Daili Sabah” qəzetinin redaksiyasında davam etdirilib. Qəzetin redaktoru Mehmet Çelik xəbər əldəetmə və yayma imkanları, ümumilikdə mediaya münasibət barədə fikirlərini çatdırıb. O, nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb. “Turkuvaz” Media Qrupunun yayımladığı xəbərlərdə Azərbaycana aid informasiyaların kəmiyyəti və keyfiyyəti barədə xüsusi müzakirələr aparılıb.
Daha sonra nümayəndə heyəti üzvlərinin İstanbul Aydın Universitetində görüşü keçirilib. Universitetin direktor müavini Selman Arslanbaş nümayəndə heyətinə Universitetin fəaliyyəti, Azərbaycanla bağlı proqramları barədə məlumat verib. Daha sonra Universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
Nümayəndə heyətinin üzvləri İstanbulda tarixi abidələrlə tanış olub, mədəniyyət obyektlərində görüşlər keçiriblər.
Azərbaycan media təmsilçilərinin İstanbula səfəri dekabrın 17-dək davam edəcək.
Məlumat üçün bildirək ki, səfər Fondun «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihəsi çərçivəsində keçirilir.
Nümayəndə heyətinin tərkibinə Fondun Müşahidə Şurasının sədri, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, APAholdinqin prezidenti Vüsalə Mahirqızı, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, “AzərTAC” İnformasiya Agentliyinin müxbiri Səlim Rəhimzadə daxildir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...